Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Turkustan.info Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında 18 mərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.