Ca. Dek 5th, 2019

“Lavrov Ermənistana gedəndə erməni qanı qaynayır” – Fazil Mustafa

Rusiyanın baş diplomatı Sergey Lavrovun İrəvana son səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin yaratdığı ajiotaj bitməmiş Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə yayılan məlumatlar gündəmi zəbt edib.

Noyabrın 16-17 də bir neçə erməni jurnalistin Azərbaycana səfər edəcəyi bildirilir.
Layihə Azərbaycan cəmiyyətində, əsasən etirazla qarşılansa da, səfərlərin müsbət tərəflərinin olduğunu da müdafiə edənlər yox deyil. Etiraz edənlərin arqumentlərindən biri də jurnalistlərin qarşılıqlı səfərləri ideyasının müəllifinin məhz Lavrov olmasıdır. Belə hesab edilir ki, hər zaman ermənilərə isti münasibət sərgiləyən Rusiya XİN-in rəhbəri bu layihə ilə əslində “xalqların sülhə hazırlanması prosesinə” təkan verməyi planlaşdırır. Azərbaycan toplumunda isə bu ideya daha çox təslimçilik amili kimi qəbul edildiyindən jurnalistlərin qarşılıqlı səfərləri fikri də müsbət qarşılanmır.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa BakıPost.az-a açıqlamasında bildirib ki, bu məsələnin belə narahatlıq yaratmasının ciddi əsası yoxdur: “Bizdən də jurnalistlər gedir Ermənistana, oradan da gəlir, burada məncə qeyri adi bir məsələ yoxdu. Jurnalistin peşəsi istənilən ölkə ilə, hadisı ilə bağlı informasiya əldə etməkdi. Bu baxımdan burada fövqəladə narahatedici bir amil görmürəm”.

F. Mustafanın fikrincə, qarşılıqlı səfərlərin, ümumiyyətlə, münaqişənin həlli prosesinə təsirinə gəlincə, bu, gözlənilən və real deyil: “Çünki jurnalistlər nə edə bilərlər? Sadəcə vicdanları olarsa, Azərbaycanla bağlı gerçəkləri Ermənistan cəmiyyətinə çatdıra bilərlər və ermənilərə başa salarlar ki, bu müharibə onlara daha çox ziyan verir. Çünki Ermənistan məhz bu səbəbdən bütün iqtisadi layihələrdən kənarda qalır və özünə ancaq düşmən qazanan bir topluma çevrilir”.
Qarşılıqlı səfərlərin təşkilinə etiraz edənlər hesab edirlər ki, rusiyalı diplomat Ermənistandakı anti-Azərbaycan çıxışından sonra bu layihəni reallaşdırmaqla öz iradəsini təlqin edir, Azərbaycan xalqını və dövlətini aşağılayır.
 
Millət vəkili Fazil Mustafa bu məsələyə daha soyuqqanlı yanaşmağı məqsədəuyğun hesab edir: “Lavrov Ermənistana gedəndə onun erməni qanı qaynayır və orada ermənilərin marağından çıxış etməyə başlayır. Ona görə də onun Ermənistanda dediyi sözlərin elə bir ciddi dəyəri yoxdur. Çünki bu ağıldan uzaq bir çıxışdı və reallıqları əks etdirmir.
Ancaq jurnalistlərin Lavrovun və ya kiminsə başqasının təşəbbüsü ilə gəlməsi önəmli deyil. Əsas odur ki, fikir mübadiləsi aparmaq imkanı əldə edilir və biz bu fürsətlərdəm istifadə edib Ermənistan auditoriyasına düşüncələrimizi çatdırmalıyıq”.

Paylaş: