Ca. Dek 5th, 2019

Tanınmış yazıçı, jurnalist Fəxrəddin Fərzəliyevin 70 illik yubileyi keçirildi

16 noyabr 2019-cu il tarixdə Bakı şəhərində yerləşən Mona Liza sarayında Respublikamızın tanınmış ziyalılarından biri, yazıçı, jurnalist Fəxrəddin Fərzəliyevin (Fəxrəddin Becanoğlu) 70 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov 50 ildən artıqdır ki, dostluq etdiyi Fəxrəddin Fərzəliyevin ömür yolundan, birlikdə keçirdikləri tələbəlik illərinin qayğılarından söz açdı. Akademik öz çıxışında hələ tələbə vaxtlarında Fəxrəddin Fərzəliyevin Universitetin ən savadlı və mütaliəli tələbələrindən biri olduğunu, davranışı və çalışqanlığı ilə başqalarına örnək olduğunu xüsusi vurğuladı. O, öncə tələbə yoldaşı, daha sonra 50 ildən artıq dostluq etdiyi 70 yaşlı yubilyara ürək sözlərini və arzularını çatdırdıqdan sonra məclisi idarə etmək üçün sözü Kimya üzrə elmlər doktoru, professor Cəbrayıl Mirzayiyə verdi. Cəbrayıl Mirzayi öz çıxışında yubiley iştirakçılarının diqqətinə çatdırdı ki, BDU-nun Kimya fakultəsinin 1971-ci il buraxılışı Universitetin Kimya fakultəsinin tarixində ən uğurlu və ən seçkin buraxılış olub. Belə ki, həmin məzunlardan bir çoxu sonralar ölkədə tanınan elm adamları – akademik, professor və elmlər doktoru oldu. Əlavə etdi ki, Fəxrəddin Fərzəliyev alim kimi tanınmasa da, öz qələmi ilə ölkəmizdə sayılıb – seçilən jurnalistlərdən biri oldu. Daha sonra növbə ilə bütün iştirakçılara, eləcə də yubilyarın tələbə yoldaşlarına və qonaqlara söz verildi.

Çıxış edənlər AMEA-nın müxbir üzvü, Kimya üzrə elmlər doktoru, professor Hafiz Əlimərdanov, Fəxrəddin Fərzəliyevin müəllimi olmuş professor Əyyub Əzizov, professor Oktay Əkbərov, Kimya üzrə elmlər doktoru Namiq Şıxəliyev, şair, araşdırmaçı, Prezident təqaüdçüsü Namiq Hacıheydərli, yubilyarın qohumu şair Ağaməli Ədiloğlu və digərləri çıxış edərək yubilyara ən səmimi arzularını bildirdilər, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları dilədilər. Sonda söz 70 yaşlı yubilyar Fəxrəddin Fərzəliyevə verildi. O, öncə tədbirin təşkilatçılığını öz üzərinə götürən akademik Abel Məhərrəmova dərin təşəkkürünü bildirdi, göstərdiyi diqqətə və sayğıya görə ona bütün ailəsi adından minnətdarlığını çatdırdı. Bu tədbirin keçirilməsini akademikin təkcə dosta deyil, daha çox dostluğa, uzun illər kəsilən duz-çörəyə hörməti kimi dəyərləndirdi və millətimizin min illərdən süzülüb gələn mənəvi dəyərlərinin yüksək səviyyədə yaşadılması kimi xarakterizə etdi. Daha sonra yubilyar respublikanın ayrı-ayrı bölgələrindən onu təbrik etməyə gəlmiş doğmalarına tək-tək təşəkkürünü bildirdi və son günlərdə yazdığı yaradıcılıq örnəklərindən nümunələri məclis iştirakçılarının diqqətinə çatdırdı. Məlumat üçün bildirək ki, Fəxrəddin Fərzəliyev 1949-cu ildə Salyan rayonunun Xalac kəndində doğulmuşdur. Əslən qərbi Azərbaycanın Dərələyəz mahalındandır. 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakultəsini, 1982-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1975-ci ildən başlayaraq Salyan rayonunda nəşr edilən “Qələbə” qəzeti redaksiyasında çalışmışdır. Burada öncə müxbir, daha sonra şöbə müdiri və baş redaktor müavini kimi məsul vəzifələrdə işləmişdir. Müəllifi, həmmüəllifi və redaktoru olduğu kitabların sayı 50-dən çoxdur.

Namiq Hacıheydərli

Paylaş: