Ca. Dek 5th, 2019

İran rejimi azərbaycanlı fəalların evlərinə hücum etdi

Hadisə noyabrın 17-də Təbriz şəhərində baş verib. Saxlanılan fəalların naməlum istiqamətə aparıldığı bildirilir.

Turkustan.info xəbər verir ki, İranın təhlükəsizlik qüvvələri bir neçə güney azərbaycanlı milli-mədəni fəalın evinə hücum edərək onları saxlayıb.

Hələlik təhlükəsizlik qüvvələri tərəfindən tutulan fəallardan yalnız Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri və Yaşar Pirinin kimliyi müəyyən edilib.

Məlumata görə, saxlanılan fəalların evində axtarış da aparılıb, onların mobil telefonu, ləptop və bir sıra digər şəxsi əşyaları təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

Məlumata görə, Təbrizdə bir çox fəalın evi hücuma məruz qalıb, lakin bəziləri evdə olmadığı üçün onları saxlamaq mümkün olmayıb.

Ehtimal olunur ki, təhlükəsizlik orqanları benzinin qiymətinin üçqat bahalaşmasına etiraz olaraq başladılan aksiyaların genişlənməsindən ehtiyat etdiyi üçün bu kimi önləyici tədbirlərə əl atır.

Son 3 gün ərzində keçirilən aksiyalarda Güney Azərbaycan şəhərlərində onlarla etirazçı saxlanılıb. Lakin hökumət tərəfindən internet kəsildiyinə və aksiyaların geniş vüsət aldığına görə saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan hələlik 4-nün adı dəqiq olaraq müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Fəraz Novruzi (Təbriz), Tövhid Xadimi (Qoşaçay) və Əhməd Abedi (Qoşaçay).

İran hökuməti benzinin bahalaşması ilə bağlı verdiyi qərarı ləğv etmək niyyətində olmadığı üçün etirazların davam edəcəyi gözlənilir.

Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi noyabrın 17-də baş verən hadisələrə reaksiya verərək benzinin qiyməti ilə bağlı verilən qərara dəstək verdiyini bildirib.   /Gunaz.tv/

Paylaş: