Be. Dek 16th, 2019

Avam içib arvadını döyür, alim içib xalqı söyür…

Seymur Verdizadə 
– Müəllim, bağışlayın, dünən sizin əleyhinizə status yazmışdım… 
– Gərək siz də məni bağışlayasınız, yazdıqlarınızı oxumamışam… 
– Əlbəttə, oxumağınız mümkün deyil. Çünki mən o statusu yazanda çox gec idi. Səhər oyanan kimi yazdıqlarımı pozdum. 
– Niyə pozdun? Hər kəsin öz fikrini sərbəst bildirmək hüququ var. Mən hər gün bir naziri tənqid edirəm. Sən də məni tənqid elə. Sağlam tənqid dost üçündür. 
Araya sükut çökdü. Utancaq baxışlarını yerə dikib, belə dedi: “Yox, ay müəllim. Silməyim məsləhətiydi. Bir az artıq-əskik sözlər yazmışdım. Bunu nə sizə yaraşdırıram, nə də özümə…” 
Bu cür adamlarla tez-tez qarşılaşdığım üçün əhvalım zərrə qədər də dəyişmədi. Söhbətə əvvəlki təmkinlə davam etdim: “Ay qardaş, mənə layiq bilmədiyin sözləri niyə yazırsan? Kim səni buna məcbur edir? Yox, yazmısansa, arxasında dur, haqlı olduğunu sübut elə”.
Yenə utancaq baxışlarını yerə dikdi: “Müəllim, içkiliydim. Adam içkili olanda hərəkətlərinə nəzarət edə bilmir. Yazdıqlarımı ayıq başla oxuyanda başa düşdüm ki, səhv eləmişəm. Bir də ki, tək mən deyiləm, ha! Hamı axşam yazır, səhər pozur…”
Bir dostum deyir ki, axşam 10-dan sonra sosial şəbəkələrdən spirt qoxusu gəlir. Mən də bu qənaəti bölüşürəm. Toydan, ya da restorandan çıxan bəzi adamlar evə çatan kimi klaviaturaya “qənim kəsilirlər”. İki yüz qram araq çoxlarını “qəhrəmana” çevirir. “Klaviatura qəhrəmanları”nın hədəfi çox vaxt zavallı xalq, sadə insanlar olur; içkinin təsiri ilə başlayırlar xalqı söyməyə, onu qorxaqlıqda, mütilikdə suçlamağa. Maraqlısı isə budur ki, axşam oxuduğum statusların, şərhlərin çoxunu sabah yerində tapa bilmirəm. Arağın hesabına “qəhrəman” olanlar ayılan kimi yazdıqlarını pozurlar. Heç kim inciməsin, alimlərin, şair və yazıçıların, jurnalistlərin arasında belə tiplər daha çoxdur. Evdə arvadına sözü keçməyən, uşaqlarına öyüd verə bilməyən bəzi adamlar sosial şəbəkələrdə xalqa öyüd verirlər…
Azərbaycanda boşanmaların sayı ilbəil artır. Əsas səbəblərdən biri bəzi kişilərin içki düşkünü olmasıdır. Arağın dağıtdığı ailələrin qurbanları ilə demək olar ki, hər gün qarşılaşıram. Space TV-də, ARB-də qatıldığım sosial verilişlərə kömək üçün müraciət edən beş qadından dördü boşanmağının səbəbini belə izah edir: “Ərim hər gün içib məni döyürdü”.
Acınacaqlı vəziyyət yaranıb: avam içib arvadını döyür, alim içib xalqı söyür… (moderator.az)

Paylaş: