Ça. Dek 10th, 2019

Əli Əsədov İbrahim Məmmədovu Nazirlər Kabinetinə gətirdi

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Baş nazirin imzaladığı sərəncama əsasən tanınmış telejurnalist İbrahim Məmmədov mətbuat xidmətinin rəhbəri təyin olunub. 

Bu barədə İ.Məmmədov Facebook səhifəsində yazıb:

  • Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!
    Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!
    Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!

İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. 
O, “Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib.
 2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. Eyni zamanda AzTV-də “Həftə” adlı analitik proqramın müəllifi və aparıcı olub.
2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. 2015-ci ildə AzTV rəhbərliyindən azad edilib. 
2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tutub.

Paylaş: