Ça. Dek 10th, 2019

Emin Həsənli Kıbrısda Cümhuriyyətin ildönümü tədbirlərinə qatılıb

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.
Turkustan.info-nun məlumatına görə, E.Həsənli səfər çərçivəsində ŞKTC-nin Baş naziri Ersin Tatarla görüşüb. Şura üzvü bildirib ki, görüşdə Ersin Tatar Azərbaycan-Türkiyə əlaqələrini yüksək qiymətləndirib və ölkələrimizin Türk Şurasında birgə fəaliyyəti barədə danışıb. “Baş nazir Şimali Kiprin ağır şərtlər altında yaşadığı illəri xatırladı. Xüsusən Osmanlıdan sonrakı dövrdə, ingilis işğalı altında olduqları vaxtdan, 1955-63-cü illərdə, daha sonra 1963-74-cü illər arası yaşadıqları çətinliklərdən, 1983-cü ilin 15 noyabrında Şimalı Kipr Türk Cümhuriyyətinin elan edilməsindən danışdı”.

Görüşdə Azərbaycan xalqının Xocalı soyqırımına məruz qalması, torpaqlarımızın işğalı barədə danışılıb. Baş nazir qeyd edib ki, Şimalı Kipr Türk Cümhuriyyətinin xalqı Azərbaycanın vəziyyətini daha yaxşı anlayır. “İki əsrdən artıqdır ki, dünya türklərinin başına gətirilən fəlakətlər barədə xeyli fikir mübadiləsi edildi. Sonda tərəflər bir-birilərinə xatirə hədiyyələr təqdim etdilər”.

Emin Həsənli bildirib ki, Şimalı Kipr Türk Cümhuriyyətinin Məclis Başqanı adından Cümhuriyyətin elan olunmasının ildönümü münasibətilə təşkil olunan ziyafətdə Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktay və Türkiyənin sonuncu baş naziri Binəli Yıldırım iştirak ediblər: “Fuad Oktay və Binəli Yıldırımla görüşümüz oldu. Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” ideyasına nə qədər sadiq olduğu, ulu öndər Heydər Əliyevin bu deyiminin Azərbaycan və Türkiyənin dünyada qardaş dövlət olaraq bərabər hərəkət etməkləri üçün çox gözəl zəmin yaratdığını qeyd edildi. Bu birgə fəaliyyət bu gün cənab prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən davam etdirilir. Mən Türkiyə prezidenti ilə həm Samsunda 19 mayda, həm Türk Şurasının 10 illiyi ilə bağlı Bakıda keçirilən tədbirlərdə görüşümü xatırlatdım. Fuad Oktay bəydən xahiş etdim ki, Azərbaycan qazilərinə olan hörmət və ehtiramına görə, Türkiyə Prezidentinə salam və təşəkkürlərimizi çatdırsın. Cümhuriyyətin qurucularından olan doktor Fazil Küçüyün adını daşıyan Bulvarda böyük törəndə əsgərlərin, tələbələrin, məktəblilərin keçidi zamanı Azərbaycan bayrağını görmək çox xoş oldu. Azərbaycan tələbələri də o keçiddə iştirak edirdi”.

Daha sonra E.Həsənli Türkiyədən gələn Əməli Subaylar dərnəyinin Genel Başqanı Namık Çalışqanla, Türkiyə Müharib Qazilər dərnəyinin üzvləri ilə, Şəhid yaxınları və müharibə əlilləri dərnəyinin Genel Başqanı Mustafa İşıkla görüşüb. Həmçinin Şimalı KiprTürk Cümhuriyyətinin ehtiyatda olan zabitlər birliyinin idarə heyətinin üzvləri ilə görüş keçirilib.

“Şimalı Kipr Türk Cümhuriyyətinin prezidenti bayram ziyafətində bizi mehribanlıqla qarşıladı. Azərbaycan nümayəndəsinin bu tədbirdə iştirak etməsindən böyük şərəf hissi duyduğunu bildirdi və Azərbaycan xalqına öz salamlarını çatdırdı. Tədbirdə Mustafa Akıncı qeyd etdi ki, mənimlə olan görüşündən olduqca məmnunudur. Daha sonra Türk Müqavimət Təşkilatının təmsilçiləri ilə görüşdük. 1958-ci il avqustun 1-də yaranmış təşkilatın üzvləri ilə görüşmək, onlarla fikir mübadiləsi aparmaq olduqca çox xoş idi. Onların baş katibi, Gənclər Təşkilatının sədri, idarə heyətinin üzvləri ilə görüşlərimiz oldu. Türk Müqavimət Təşkilatı ilə əməkdaşlığın davam etdirilməsini qərara aldıq. Səfər zamanı Şimalı Kipr Türk Cümhuriyyətinin qurucularından olan doktor Fazil Küçüyün və keçmiş prezident Rauf Denktaşın məzarlarını ziyarət etdim. Qaraoğlanoğlu şəhidliyini, 20 iyun 1974-cü ildə türk əsgərlərinin dənizdən quruya çıxdığı yeri ziyarət etdim. Türk minbaşı Nihat İlhanın ailə üzvlərinin şəhid edildiyi, hazırda “Barbarlıq muzeyi” adlanan evdə oldum. Şimali Kipr türk xalqının qəhrəmanlıq yolu keçdiyinin əyani şahidi oldum” – deyə Həsənli bildirib.

 

 

 

Paylaş: