Ç. Dek 11th, 2019

Rusiyadan daha bir təhdid dolu Qarabağ BƏYANATI

Rusiya Dövlət Dumasının MDB Ölkələri ilə İş üzrə Komitəsinin sədr müavini növbəti dəfə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan şovinist bəyanatla çıxış edib. 

Turkustan.info-nun məlumatına görə, münaqişənin kompromis əsasla nizamlanması adı altında Konstantin Zatulin ermənilərin xeyrinə təklif irəli sürüb.

“Mən hərtərəfli əminəm ki, Dağlıq Qarabağ münaqişəsi digərləri kimi həll edilə bilməz. Dağlıq Qarabağ probleminə dair mənim mövqeyim çoxdan formalaşıb. Bu həllin əsası kompromisdir. “Dağlıq Qarabağ Respublikası”nı heç kim tanımayıb. Lakin o mövcuddur və yaşayır. Sizə deyim ki, onlar heç nəyə görə və heç vaxt hər hansı formada, hətta formal da Azərbaycanın tərkibinə qayıtmağa razı olmayacaq. Hətta Sovet İttifaqı dağılanda və Azərbaycanın sərhədlərinin keçmiş Azərbaycan SSR-in hüdudlarında tanınması çətinləşdi. Çünki həmin vaxt, 1991-ci ildə münaqişədən üç il keçmişdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam nəzarət edə bilmirdi. Ona görə də Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək və Azərbaycandan müstəqillik əldə etmək hüququnu tanımaq lazımdır”-deyə Zatulin Rusiyanın Birinci kanalının efirində “Pozner”in proqramında çıxışı zamanı belə deyib. O, bildirib ki, kompromis kimi Dağlıq Qarabağ ətrafdakı yeddi rayondan beşini Azərbaycana qaytarmalıdır. “Söhbət yeddi rayonun beşindən gedir. Çünki iki rayon Dağlıq Qarabağı Ermənistana birləşdirir”-deyə Zatulin ermənilərin maraqlarına uyğun təklif verib. Konstantin Zatulin onu da vurğulayıb ki, “quduz millətçilər” bu kompromisin hər iki ölkədə gerçəkləşməsinə imkan verməyəcək. “Onlar Azərbaycanda hesab edir ki, bütün Qarabağı almalıdırlar. Ermənistanda isə hesab edirlər ki, qanla fəth etdikləri torpaqlar təslim edilə bilməz”. 

Onun sözlərinə görə, məhz buna görə hər iki tərəfdə buna doğru zəif gedirlər. Xatırladaq ki, Konstantin Zatulin mütəmadi olaraq, ermənilərin maraqlarına cavab verən belə şovinist açıqlamalar verir, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfər edir. Lakin Azərbaycan Xarici İşlər Nazirliyi indiyə qədər K.Zatulini arzuolunmaz şəxslər siyahısına salmayıb.    /Cebhe.info/

Paylaş: