C. Dek 13th, 2019

Nəsiminin “Sığmazam”ını bir də Fərqanə Qasımovadan dinləyin – MÖHTƏŞƏM İFA – VİDEO

Tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımova Nəsiminin “Sığmazam” qəzəlinə çəkdirdiyi klipi təqdim edib.

Bakı Kitab Mərkəzində baş tutan tədbir  Nəsiminin 650 illiyinə həsr olunub. Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq qonaqları salamlayıb. O, Nəsiminin irsinin önəmindən danışıb və F. Qasımovanın klipinin maraqla qarşılanacağını deyib:

“Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerində silsilə tədbirlər, təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Bu baxımdan da Fərqanə Qasımovanın ərsəyə gətirdiyi klipi “Nəsimi ili”nə yaxşı bir töhfə adlandırmaq olar”.

Daha sonra Əməkdar artist Fərqanə Qasımova “Sığmazam” klipinin ərsəyə gəlməsindən danışıb:
“Nəsiminin əsərlərini sevərək oxuyuram. “Sığmazam” qəzəlini ifa edib, klip çəkdirməyi özümə borc bildim. Bununla “Nəsimi ili”nə öz töhfəmi vermək istədim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Sonra telejurnalist Lalə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Nəsimi poeziyasının bənzərsizliyindən söz açıblar.

Daha sonra klip təqdim olunub. Səhnəyə dəvət olunan klipin yaradıcı heyətini təbrik edən Xalq artistləri Alim Qasımov, Əbdül Mahmudov və başqaları görülən işi yüksək qiymətləndiriblər.

Xalq artisti Alim Qasımov “Nəsimi ili”ndən söhbət açıb: “Şairlərimizə, sənət adamlarımıza verilən dəyər təqdirəlayiqdir. Biz də “Nəsimi ili”nə öz töhfəmizi vermək istədik. Fərqanə “Sığmazam” qəzəlini ifa etmək istədiyini dedi. Mən də ona öncə ata, sonra ustad kimi dəstək oldum. Başqa ifaçılar da Nəsiminin əsərlərinə müraciət edib. Onları qınaya bilmərəm. Hərə öz baxışına uyğun Nəsimini dəyərləndirir. Hər kəsə uğurlar arzulayıram”.

Sonda Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Nəsimi qəzəlləri üstündə muğam parçaları ifa edib. (musavat.com) 

Paylaş: