Be. Dek 9th, 2019

Türkiyədən ABŞ və Rusiyaya: Əgər icra etməsəniz…

İranda baş verənlərin ciddi təhlilə, özü də hay-küysüz, pafossuz təhlilə ehtiyacı var

İranda son 2 ildə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb. İran valyutası son illər dünyada ən çox devalvasiyaya uğrayan valyutalardan biridir. İnflyasiya sürətlənib, milli valyutada qiymətlər kəskin artır.

Benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə, bəlkə də son damla oldu. Yəni, İran əhalisi tək elə benzinin qiyməti qalxdı deyə etiraza çıxmadılar – son 2 ilin sosial-iqtisadi ağırlığı zatən insanları bezdirmişdi.

ABŞ sanksiyaları, neft hasilatı və satışının azalması, məntiqsiz, basqıcı idarəetmə rejimi, investorların qaçışı, dollar qıtlığı – bütün bunlar səbr kasasını çoxdan doldururdu.

İranda İslam İnqilabını kitablardan oxuyan nəsil yetişib, son 40 ildə 1 milyon gənc xaricdə təhsil alıb, internet nəsli yetişib – bu gün İran əhalisinin 68%-i inqilabdan sonra dünyaya gələnlərdir, yaşı 40-a qədər olanlardır. Onların ideoloji kimliyi tək dini deyil, hətta mən deyərdim, heç dini deyil – mənasız və məzmunsuz qadağalardan bezən nəsil yetişib. Nə qədər qəribə səslənsə də, potensial olaraq İran müsəlman aləminin ən dünyəvi ölkələrindən biridir – çünki, 3000 illik dövlətçilik tarixi və ənənələri xurafatdan daha güclüdür.

İran dövlətinin çox güclü diplomatiya ənənələri var. Çox güman, ABŞ və İsrail ilə gizli danışıqlar da aparırlar. Amma çox sərt və tərs diplomatiya məktəbi tezliklə güzəştə getməyi düşünmür. Çox güman, onlar yaxın 1 ildə danışıqları uzadaraq ABŞ da prezident seçkilərinin nəticələrini gözləyəcəklər. Əgər Tramp yenə udsa, İran həmən istənilən müqaviləni imzalayacaq. Çünki rejimin müqavimət resursu tükənəcək. Yox əgər Demokratlar udsa, danışıqlar intensivləşəcək, İran üçün daha məqbul yeni müqavilə imzalanacaq….

P.S. Cənubi Azərbaycan mövzusuna isə tam da Erkin Qədirli fəlsəfəsi ilə yanaşmaq lazımdı – Tələsən yerimiz yoxdur, yaxşı işlər yavaş olur!

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert   /ayna.az/

Paylaş: