Ça. Dek 10th, 2019

Anar İsgəndərov- STEREOTİPLƏRİ ALT-ÜST EDƏN KİTAB

Əziz oxucu, səni çox maraqlı bir kitabla tanışlıq gözləyir.

Bu kitabı oxusan, əminəm ki, uzun müddət onun təsiri altında qalacaqsan. Bu kitab tarixə yeni baxış təklif edir, formalaşmış, daşlaşmış stereotipləri sındırır. Elə buna görə də onun ilk səhifələri, xüsusilə Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ilə Əhəmənilər imperiyasının banisi Böyük Kirin adlarının yanaşı çəkilməsi əvvəlcə səndə etiraz doğura bilər. Bəlkə də təqdim olunan faktlarla razılaşmaq istəməyəcəksən.

Lakin hökm verməyə tələsmə, kitabı sona qədər oxu və düşüncənə stereotiplərin yiyələnib-yiyələnmədiyini müəyyən etməyə çalış! Sözsüz ki, həyatda ən əsas prinsiplərdən biri də obyektivlikdir! Stereotipləri virus da adlandırmaq olar. Bu “virus”un daşıyıcısına çevrilən insan düşüncə azadlığını itirir, hadisələrə, proseslərə, öz xalqının tarixinə başqalarının gözü ilə baxmalı olur. Yad fikirlərdən qurtulmağın yeganə yolu isə faktlarla, həqiqətlərlə dostluq etməkdir.

Kitabın ikinci – əsas hissəsində müəllif faktları məntiqli şəkildə bir-biri ilə əlaqələndirərək, səbəbləri, məzmunu və nəticəni izah edir. Bəzən tarixə qaliblərin tərənnümü, məğlubların təsəllisi, ideologiyanın təsirli vasitəsi kimi baxırlar. Bu kitabın əhəmiyyəti məhz ondadır ki, burada tarix elminin, əslində, tətbiqi bir sahə olduğu göstərilmişdir.

Əsas deviz isə belədir: “Tarix təkrarlanır”.

Tarix təhlil işinin ən mühüm dayaqlarından olmaqla yanaşı, həm də təhlilçinin hər zaman müraciət edə biləcəyi zəngin və tükənməz bazadır. Tarixi bilmədən yaxşı təhlilçi olmaq, gələcəyi görmək, onu təsəvvür etmək və proqnozlaşdırmaq mümkün deyil. Ey¬¬ni zamanda, təhlil qabiliyyəti olmayan tarixçi də keçmişin qaranlıqlarına aydınlıq gətirə bilməz. Müəllifin tədqiqat mövzusuna peşəkar təhlilçi kimi yanaşması, təhlilin məntiqi-təfəkkür, modelləşdirmə və statistik mtodlarından istifadə etməsi, həmişə maraqlı nəticələr alması, zənnimcə, təqdirəlayiqdir. Böyük Kiri (Küruş, Kureş), Romulu (ikinci adı – Kuris), Krişnanı, Qautama Buddanı, Qaumata Bardiyanı, Atropatı, III Artabanı, Muhəmməd Peyğəmbərin ulu babası Qureyşi, Şah İsmayıl Xətaini bir-birinə nə bağlayır?

Ələm hansı mənanı ifadə edir? Uzaq Nepalda Salyan adlı şəhərin, onun yaxınlığında isə Banke adlı yaşayış məntəqəsinin olmasını nə ilə izah etmək olar? Sanki Şah İsmayılın həyat yolu B¬yük Kirin, Nadir şah Əfşarın həyat yolu isə Makedoniyalı İsgəndərin həyat yolunun təkrarıdır. Belə paralelləri təsadüflərin nəticəsi hesab edə bilərik? Düşünürəm, bu kimi sualların cavabını oxucu “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” əsərini mütaliə etdikdə tapacaqdır. Sovet imperiyasının 70 il ərzində yürütdüyü siyasət Azərbay¬can tarixini ideologiyanın əsirinə və alətinə çevirdi. Azərbaycanlı öz tarixinə imperiyanın onun üçün təyin etdiyi prizmadan baxmağa məcbur edildi. Bizi yalançı şüarlar və rəqəmlərlə çaşdırıb aldadırdılar.

Bizə elə gəlirdi ki, tarix yalnız sinfi mübarizədən, üsyanlardan və hərəkatlardan, daha doğrusu, onların başvermə və yatırılma tarixlərindən ibarətdir. Bütün bunlar azmış kimi, imperiyanın yalançı tarixi bizə vətən tarixi kimi təlqin olunurdu. Yeri gəlmişkən, ədəbiyyatımızda da eyni situasiya hökm sürürdü. Orta məktəblərin Azərbaycan bölmələrində tədrisin əsasını, önəmli hissəsini quru rəqəmlərin – klassiklərin doğum və ölüm tarixlərinin, onların əsərlərinin adlarının və bu əsərlərin yazıldığı illərin əzbərlənməsi təşkil edirdi. Məzmun, mahiyyət, ideya isə ya diqqətdən kənarda qalırdı, ya da tamamilə təhrif olunurdu. Nəsimini, Füzulini primitiv sosializmin tərənnümçüləri kimi təqdim edirdilər. Nizami Gəncəvinin əsərlərində kommunist təfəkkürünün işartılarını axtarırdılar.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvilər dövrünə sinfi mübarizə müstəvisindən baxmağa çalışırdılar. Sovet dövründə sosializmin banilərindən olan Karl Marksın belə bir fikri tez-tez təkrar edilirdi:

“Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”.

Amma Şah İsmayılın fəaliyyəti o qədər nəhəng və çoxşaxəli olmuşdu ki, Marksın sözləri, olsa-olsa, onun həyatının yalnız bir hissəsini xarakterizə edə bilərdi. Çünki Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl qurucu, Şah İsmayıl hökmdar, Şah İsmayıl sərkərdə, Şah İsmayıl döyüşçü, Şah İsmayıl mürşid, Şah İsmayıl filosof, Şah İsmayıl şair idi…

Əziz oxucu, bu kitab tarixin həqiqətən tarix olması üçün onun tə¬məl sütunlarını göstərməyə, qaranlıq səhifələrinə işıq salmağa çalışır, tarixin dərin qatlarında aşkarlaya bildiyi sirləri səninlə bölüşür. Hər şey fikirdən başlayır, sonra bilik yaranır, nəhayət, elm formalaşır. Tarixi fikrin bünövrəsi, əsası yazılı mən¬bələrdir. Bəs onlar olmayanda? O zaman tarixçinin köməyinə ehtimallar çatır. Ehtimallar isə əsaslandırılmış olmalıdır, onları, necə deyərlər, “havadan götürmək” olmaz. Bunun üçün əldə olan materiallar diqqətlə təhlil edilməli, paralellər müəyyənləşdirilməli, analogiyalar aparılmalıdır.

Bu, möhkəm məntiq yaradaraq, son nəticədə həm oxucunu inandırır, həm də kitabın nüfuzunu artırır. Tarixi paralellərin təqdim edilməsinin və ehtimalların irəli sürülməsinin ardıcıllığı problemin qoyuluşundan asılıdır. İstənilən halda əgər ilk iki üsul (paralellər və ehtimallar) uğur qazanıbsa, deməli, tarixi həqiqəti oxucuya çatdırmaq mümkün olmuşdur.

Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi bir dövrüdür. Bu dövlət Azərbaycan tarixində uzunmüddətli fasilədən sonra, ilk dəfə olaraq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) düşüncə tərzini bizə qaytardı. Amudəryadan Sırdəryaya, Fəratdan Dəcləyə, Şimali Qafqazdan İran körfəzinə qədər geniş əraziləri özündə ehtiva edən nəhəng dövlət quruldu. Səfəvilər böyük bir imperiya yaratdılar.

Amma bu imperiya, digərlərindən fərqli olaraq, heç bir xalqın dini inanclarına, milli dəyərlərinə toxunmadı, ölkədəki etnik rəngarəngliyi pozmadı. Dövlətin paytaxtında hansı qanunlar işləyirdisə, ucqarlarda, qeyri-müsəlman, qeyri-türk vilayətlərində də həmin qanunlar tətbiq olunurdu. Səfəvi dövləti haqqında nə qədər yazılsa, yenə də azdır. Bu dövlət Vətən tarixinin ən uzunömürlü sütunlarından biri olmuşdur.

Məhz buna görə də tədqiqatçı Araz Abbasovun bu kitabı, Şah İsmayılın həyatının bizə məlum olmayan məqamları ilə bağlı fikirləri böyük maraq doğurur.

Əminəm ki, kitabı oxuyan hər bir Azərbaycan gənci müəllifi arayacaq, ürəyindən keçən sualları ona verəcək və müəllifdən yeni əsərlər tələb edəcəkdir.

Anar İsgəndərov,

Tarix üzrə elmlər doktoru, professor

Paylaş: