Ça. Dek 10th, 2019

Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib

BMT-nin Uşaq hüquqları Konvensiyasının 30 illiyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş “Uşaq hüquqları konvensiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri” mövzusunda tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, “Gələcəyə qayğı”, “Ailə dünyası”, “Könül evi” və “Mərhəmət” İctimai Bilrikləri tərəfindən təşkil edilən tədbirdə hökumət və qeyri-hökumət qurumlarından, UNİCEF-in Azərbaycan nümayəndəliyindən, ayrı-ayrı şirkətlərdən nümayəndələr, millət vəkilləri və b. iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident cənab İlham Əliyevin sosial inkişaf strategiyasında uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının mühüm prioritetlərdən olduğunu vurğulayıb. O, Azərbaycanda dövlətin uşaqlarla bağlı siyasətinin BMT-nin “Uşaq hüquqları Konvensiyası”ndan irəli gələn yanaşmalara uyğun qurulduğunu vurğulayıb. A.Kərimov ölkəmizdə müvafiq kateqoriyalardan olan 600 minədək uşağın müxtəlif sosial ödənişlərlə təmin edildiyini, bu ödənişlərin məbləğinin cari ildə də əhəmiyyətli şəkildə artırıldığını bildirib. Nazir müavini həssas qruplardan olan uşaqların sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri diqqətə çatdırıb. Dövlət başçısının 01 iyun 2019-cu il tarixli Sərəncamının icrası olaraq nazirliyin sosial sifarişləri üzrə yaradılan sosial xidmət mərkəzlərinin 3,5 dəfədən çox artdığını deyib.

Tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarından nümayəndələr çıxış edib. BMT-nin Uşaq hüquqları Konvensiyasının Azərbaycanda uğurlu icrasından, ölkəmizdə həssas qruplardan olan uşaqlara göstərilən qayğıdan bəhs olunub. Günərzi və İcma Əsaslı Sosial Reablitasiya Mərkəzlərinə cəlb olunan uşaqların ifasında mahnı və şerlər səslənib, rəqslər ifa olunub.
Tədbirdə təşkilatçı QHT-lər uşaq hüquqlarının müdafiəsi və həssas qruplardan olan uşaqlara qayğı göstərilməsi sahəsində xidmətlərinə görə ayrı-ayrı şəxslərə Təşəkkürnamələr təqdim ediblər.

Paylaş: