Bz. Dek 15th, 2019

Qəbirdəki payızın dedikləri

(Esse)

Adam var saçı vərəq-vərəq ağarır. O vərəqin ahı tutur adamı… Hələ bir dil açıb dinsə, qəhqəhəylə deyər ki, baxın, baxın bütün əzabını çəkdim canıma, axır o da qocaldı. Fəqət hamı kimi yox!.. Sizlər yol yeriyib qocalırsınız… Onun qəlbi vərəq üstə əridi, əlləri vərəq üstə ayaq açdı, yeridi… Belə qocaldı, belə!.. Əyni yalın kədəri, solğun gündüzü, lal fəryad adını almış qərib sözü ilə…

Adam var saçı vərəq-vərəq ağarır… İpə-sapa yatmır. Onu bir səs çağırır, Onu bir ün çağırır… Bir də xatirəsin yazdığı o keçmiş gün çağırır… O gün ki, orda hamı öz rəngini bilirdi… O gün ki, orda üzüm günəşə çevrilirdi… O gün ki, orda ölüm qərib quş qanadı idi… …o gün ki, orda hamı sonsuz idi, azad idi… O gün ki, orda bozluq uman şəkili sinəsinə qısıb da ağlayırdı qış, bahar… O gün ki, orda torpaq diri, göy diri… O gün ki, orda vərəqlər bəyazdı, uşaqdılar… O gün ki, orda hamı oturub öz evində öz qəbrinə darıxar… Gah yarpağa qısılar, gah budağa toxunar… Görər burda gerçək yox, burda yalnız xəyal var…

Adam var, saçı vərəq-vərəq ağarır… Neçə yazı hönkürür yaşadıqca içinə…

Adam var, Tanrıya yox, ömründə bircə dəfə nəfəsində didərgin yazıları pıçıldar göyərçinə…

Aydan Ay

Paylaş: