Ça. Dek 10th, 2019

Zaur Adıgözəlov:“Milli qaunvericiliyimiz uşaqları qoruyur”

20 Noyabr – Ümumdünya Uşaqlar günüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə etmişdir. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunmuşdur. BMT hökumətlərə uşaqlar gününün onların hər birinin məqsədəuyğun saydığı hər hansı gün bayram edilməsini təklif etmişdir. BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ölkəmizin də qoşulduğu bu beynəlxalq hüquqi sənəd milli qanunverciliyimizin əsas qayəsini təşkil edir.

Hazırda ölkəmizdə uşaq siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazası vardır. Xüsusilə, “Uşaq hüquqları haqqında” Qanunu, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamə, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” olan Qanunlarımızı misal çəkə bilərik. O cümlədən, Parlament 2018-ci ildə cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” yeni Qanun qəbul etmişdir. Qanunun əsas məqsədi müasir dünyada sərhədsiz şəkildə yayımlanan zərərli informasiyalardan uşaq və yeniyetmələri qorumaq, onların sağlamlığına və inkişafına vuracaq ziyan və təhlükənin qarşısını almaqdır. Bilirsiniz ki, “təhlükəsiz ninternet” problemi artıq bütün dünyanı düşündürür. Xüsusilə, təcrübəsi, informasiyası az olan, düşünmək qabiliyyəti o qədər də yetkin olmayan uşaqlara qaşı virtual aləmdə zorakılıq əlamətləri geniş yayılmaqdadır. Bu baxımdan, bu qanun çox vacib hüquqi sənəddir. Ölkə Prezidentin sərəncamına əsasən Qanun 2020-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcəkdir. Eyni zamanda, qanunvericilik orqanı olan Milli Məclis uşaqların hüquqlarının qorunmasının təminatı üçün bir çox qanunvericilik aktlarına əlavə və dəyişikliklər edir. Məslələn, Milli Məclisdə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsinin 4-cü bəndi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Həmin bəndin tələblərinə görə, yetkinlik yaşına çatmayan şübhəli,təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir. Bu dəyişiklik dövlət səviyyəsində azyaşlıların hüquqlarının qorunması, onların normal inkişafına, azyaşlılarla bağlı mətbuatda hər hansı məlumatın vaxtından əvvəl, təhrif olunmuş formada ictimaiyyətə çatdırılmasının qarşısının alınmasına, sağlamlığına, gələcəyin layiqli bir vətəndaşı kimi yetişməsinə xidmət edir.

Ölkəmiz qeyd etdiyimiz kimi “Uşaq Hüquqları Bəyannaməsinə” və “Uşaq Hüquqlarına dair Konvensiyaya” qoşulmuşdur. O cümlədən, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 22 oktyabr 2019-cu il tarixli iclasında qəbul olundu və beləliklə, Konvensiya Azərbaycan tərəfindən ratifikasiya olundu. Bu konvensiya uşaqların cinsi istismarının, xüsusilə də uşaq pornoqrafiyasının və fahişəliyinin, habelə uşaqlara qarşı cinsi zorakılığın bütün formalarının, o cümlədən xaricdə törədilən hətəkətlərin uşaqların sağlamlığına və psixi-sosial inkişafına zərərli olduğunu ehtiva edən beynəlxalq sənəddir. Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır. Bu gün dünyanın bir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onların da bir hissəsi uşaqlardır. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu mənada sözügedən konvensiyanın Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunması da böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, uşaqlara qayğı və onların müdafiəsinin ən əsas məsələlərindən biri də ailə institutunun möhkəmləndirilməsidir. Hazırda ölkəmizdə iki milyondan çox ailə vardır. Xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Konstitusiyamız ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, Milli Məclisdə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, onların mülki hüquqları uşaqlara, valideyin qayğısı və övladlığa götürməklə bağlı mühüm maddələr təsbit olunmuşdur. Ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva millət vəkili olarkən, onun təşəbbüsü ilə “Gender bərabərliyinin təmin edilməsi”, “Məişət zorakılığının aradan qaldırılması haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir. Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. “Məişət zorakılığının aradan qaldırılması haqqında” Qanunun icrasını təmin etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilmiş, yeni normativ-hüquqi aktlar da qəbul olunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının təsdiq olunmuşdur.

Qanunvericilik bazamızda “Gənclər siyasəti haqqında”, “Təhsil haqqında”, “Sosial təminat haqqında” Qanununlara və cənab Prezidentin fərman və sərəncamlarına uyğun olaraq aparılan dövlət siyasəti ailələrin sosial təminatının yaxşılaşdırlmasına yönəlmişdir. Gənc ailələrə güzəştli ipoteka kreditinin, ailələrə güzəştli sosial mənzillərin verilməsi də dövlətimizin ailələrə verdiyi dəstəyin bariz nümunələrindəndir. Elə bu il ərzində Cənab Prezidentin həyata keçirdiyi sosial siyasət nəticəsində minlərlə ailələrə, xüsusilə aztəminatlı ailələrə böyük güzəştlər verilmişdir. Dövlət başçısının sərəncamı ilə şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması, minimium əmək haqqının artırılması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən sosial müavinətin məbləğinin, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin artırılması ailələrin sosial-maddi inkişafına böyük təsir edəcəkdir. Xüsusilə, qeyd etmək istəyirəm ki, cənab Prezidentin 3 may 2019-cu il tarixli sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin şəxslərin təhsil haqqından azad edilməsi ailələrin böyük sevincinə səbəb oldu. Bu sərəncamla 2500 şəxs təhsil haqqından azad ediləcək və elə o qədər də ailənin sosial təminatına müsbət təsir edəcəkdir.

Bir sözlə uşaq siyasəti dövlətimizin sosial siyasətinin tərkib hissəsini təşkil edir. Bu siyasət uşaqların təhlükəsizliyini təmin edilməsinə, əməyinin istisamrı, cinsi zorakılığının qarşısının alınmasına və onların sosial şəraitinin yaxşılaıdırılmasına yönəlmişdir.

Zaur Adıgözəlov

Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru

Paylaş: