Şb. Dek 14th, 2019

Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar…

Azərbaycanda indiyədək verilmiş ipoteka kreditlərinin sayı 27 113-dür. İpoteka və Kredit Zəmanət Fondundan Modern.az-a bildirilib ki, verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 344 686 043 manat təşkil edir.

Rəsmi məlumata görə, kreditin verilməsi şərtləri aşağıdakı kimidir:

ŞƏRTLƏR İPOTEKA KREDİTLƏRİ GÜZƏŞTLİ İPOTEKA KREDİTLƏRİ
Maksimal  məbləğ 150 000 AZN 100 000 AZN
Maksimal müddət 25 il 30 il
Minimal ilkin ödəniş 15% 10%
Maksimal illik faiz dərəcəsi:
Zəmanət verilməmiş kreditlər üzrə 8% 4%
Zəmanət verilmiş kreditlər üzrə 7% 3,7%

Qeyd edilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

– Kredit Azərbaycan manatı ilə verilməlidir;

– Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

– Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

– Güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;

– Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

– İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;

– Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;

– Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

– Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

– İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

– İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

– Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

– İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

– Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;

– İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;

– İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;

– Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;

– Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;

– İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;

– İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;

– Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;

– Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.


İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

 

– Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

– Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

– Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

– Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

– Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

– Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

– İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer).

– Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

– Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

– Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

– Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

– Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

 

Rəsmi məlumata görə, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda ipoteka kreditlərinin verilməsində fasilə yaranıb.

“Hazırda vətəndaşlar adi və sosial ipoteka kreditləri üçün banklara müraciət edən zaman bank tərəfindən vəsait ayrılmadığı bildirilir. O baxımdan deyə bilərik ki, ipoteka kreditlərinin verilməsi dayandırılıb. Güman olunurdu ki, sentyabrın sonunda prosesə başlanacaq. Amma gedişat göstərir ki, yaxın müddət ərzində ipoteka kreditlərinin yenidən açılması ehtimalları azdır”.

 

Ekspert qeyd edib ki, sosial ipoteka kreditləri üçün ayrılan vəsait kirayə mənzillərə yönəldilib:

“İpoteka və Kredit Zəmanət Fondu tərəfindən rəsmi açıqlama verilmədiyinə görə, dəqiq səbəbləri müəyyənləşdirmək mümkün deyil. Amma təhlillər göstərir ki, sosial ipoteka kreditləri hesabına sosial evlər üzrə ödənişlər həyata keçirilir, vətəndaş sosial ipoteka krediti götürərək, sosial mənzilə müraciət edir. Bu baxımdan sosial ipoteka kreditləşməsi ona yönəldilib.

Statistika göstərir ki, son dövrlər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka istiqrazlarının yerləşdirilməsi halları artıb. İpoteka Fondu vəsait cəlb edir. Amma güman olunur ki, cəlb edilən vəsaitlər daha çox satın almaq məqsədilə Kirayə Mənzil Fondunun yaradılması üçün istifadə olunur. Bizdə olan məlumatlara görə, Kirayə Mənzil Fondu üzrə mexanizm hazırdır, sadəcə müraciət aktivləşdirilməyib”.

Paylaş: