Bz. Dek 8th, 2019

Geri qayıdan mühacirlərin aqibəti necə olacaq? – Əli Həsənov AÇIQLADI

“Biz Qərbin liberal həyat tərzini, məsələlərə lideral yanaşmasını anlayırıq. Amma öz ölkəsində, belə deyək, həm ictimai-siyasi, həm də bütövlükdə vətəndaşlıq sahəsində ciddi nümunələr göstərə bilməyən, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən öz ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı, əlbəttə, pisləyirik”.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “mühacir biznesi” ilə bağlı qalmaqala münasibətində deyib.

“Çoxdan idi biz bilirdik ki, Azərbaycanın bəzi müxalif partiyaları, o cümlədən onların müəyyən nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirdik, sübut etməyə çalışırdıq. Lakin təəssüflər olsun ki, müxalifət partiyaları onları başqa adlarla, onların fəaliyyəti ilə bağlı başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərdiklərini etiraf etmək istəmirdilər. Biz onların oradakı həyat tərzini də, həmin qaçqın düşərgələrində yaradılan şəraiti də bilirdik. Əlbəttə, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış heç bir komfortlu şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik”.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti geri qayıdan vətəndaşların yerləşdirilməsi, onların işlə təmin olunması, onların yenidən Azərbaycanın layiqli vətəndaşına çevrilməsi üçün hər şeyi edib və bundan sonra da edəcək:

“Düşünürəm ki, bu yola düşənlər, xüsusilə də Azərbaycan vətandaşlarının xarici ölkələrə saxta yolla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzalarını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları Azərbaycan dövlətinin sağlam qüvvələri, dövlətçilik ətrafında sıx birləşəcəklər”.

Əli Həsənov geri qayıdan şəxslərin müxtəlif bəhanələrlə həbs ediləcəklərinə dair yayılan məlumatların heç bir əsasının olmadığını vurğulayıb:

“Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır, araşdırılacaq. Kim hansı yollarla ölkəni tərk edib, kim xarici ölkələrə hansı adla gedib, bunları müvafiq orqanlar araşdırılacaq. O insanlar Azərbaycan vətəndaşıdır. Biz Azərbaycan vətəndaşlarının hər biri üçün – onun yaxşısı üçün də, pisi üçün də, nümunəvi vətəndaşı üçün də, qeyri-nümunəvi vətəndaşı üçün də – bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində insan, vətəndaş, onun maraqları dayanır. Ona görə Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin fəaliyyəti, öz gələcək həyatını qurması üçün ölkədə lazım olan şərait yaradılacaq, lazımı dəstək veriləcək. Cinayət törətmiş insanlara və bu cinayətin törədilməsində qrup halında və şəxsi formada iştirak etmiş insanlara gəldikdə isə onlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki təkcə bizim hüquq-mühafizə orqanları, gördüyünüz kimi, Almaniyanın, Fransanın hüquq-mühafizə orqanları da araşdırma aparır və bu işə, cinayətə əli bulaşmış insanlar da öz layiqli cəzalarını alacaqlar”.

Paylaş: