Be. Dek 9th, 2019

Özü qürbətdə yaşasa da ürəyi vətənlə döyünür…

Özü qürbətdə yaşasa da ürəyi vətənlə döyünür. Vətəndə baş verən hadisələrə biganə qala bilmir. Narahatlığını dilə gətirməkdən çəkinmir. Desəm ki, qürbət onu siyasiləşdirib, yalan olar, gileyləri sənətlə bağlıdır. Doğrudur, bəzən bu problemlərin səbəbini hakimiyyətdə görür, amma bunu heç də siyasətlə bağlamaq olmaz. Axı başımızın üstündə Allah var, Azərbaycan mədəniyyətinin tərəqqisində kifayyət qədər xidmətləri olub. Bu xalqın böyük sənətkarlarından biridir. Zarafat deyil, o, milli musiqimizi çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına möhürünü vurub. Müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edib. İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləməsinə nail olub. Giley-güzarı çox sadədir.

Deyir ki,- “Siz son dəfə məni hansı kanalın, hansı verilişində görmüsünüz? Son dəfə 90-cı illərin ortalarında. Mən Azərbaycandan 2005-ci ildə getsəm də ildə 2-3 dəfə qayıdır, uzun müddət vətəndə oluram“…

1992-ci ildən Respublikanın əməkdar incəsənət xadimidir, Azərbaycan mədəniyyət tarixində öz yeri olan parlaq istedadlı bəstəkardır! Zamanın soyuq rüzgarı bu gün onun taleyiə hakim olsa da, adı özündən çox yaşayacaq…

Fikrət Əmirovla eyni gündə dünyaya gəliblər. Aralarında 22 il fərq olsa da bir-birinə çox bənzəyirlər. Nə isə, hər kəs öz taleyini yaşayır…

Noyabrın 22-si Cavanşir Quliyevin 69 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Ad gününüz mübarək, hörmətli professor!

Elman Eldaroğlu,
tekdam@mail.ru

Paylaş: