28 Noyabr 2020 06:08

AzTU-da  multikulturalizm mövzusunda konfrans keçirildi – FOTO

Noyabrın 22-də Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” filminin nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisinin olduğunu vurğulayıb.  Ulu Öndərin də qeyd etdiyi kimi, bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdir.

Rektor bildirib ki, Ümummilli liderin bu siyasəti  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi də multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrilməsinin bariz nümunəsidir.

Multikulturalizm və tolerantlıq mövzusunda tədbirlərin dövlət və qeyri-dövlət müəssisələrində keçirilməsinin ənənə halını aldığını deyən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, məqsəd radikal dini mövqelərdən ölkəmizə yönələn təhdidlərin qarşısını almaqdır.

Azərbaycanda dini etiqad azadlığına təkcə sözdə yox, həm də təcrübədə geniş imkanlar yaradıldığını deyən sədr müavini ölkəmizdə dinlərin əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Din amilinin son dövrlər siyasiləşməsinin təhlükəli hal aldığını diqqətə çatdıran Səyavuş Heydərov bildirib ki, əgər əvvəllər ölkəmizə siyasi mövqedən təhdidlər olurdusa, hazırda bu, din pərdəsi altında da özünü biruzə verir. Bu təhdidlərdə əsasən sosial şəbəkələrdən  geniş istifadə olunur. Konfrans çərçivəsində müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəmizə xas olan tolerantlıq təcrübəsi, bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

 

Paylaş: