Ça. Dek 10th, 2019

Məni söyəndə, sənin əlinə zurna verirlər?..

Seymur VERDİZADƏ
Yaddaşı iti olanlar xatırlayarlar, iki il əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyevlə aramızda əməlli-başlı konflikt olmuşdu. Əhəd müəllim məni təhdid etmişdi, evimə zəng elətdirib, uşaqlarıma hədə-qorxu gəlmişdi. Cavabını artıqlaması ilə alandan sonra əməllərini inkar etmişdi və bununla da söz-söhbətə son qoyulmuşdu. 
Məşhur tamaşada deyildiyi kimi, Əhəd Abıyev yerdən çıxmayıb, onun da dost-tanışı, qohum-qardaşı, sirdaşı var. Üstəllik, neçə illərdi, bir sürü “jurnalist” “yemləyir”. Mən ölkənin ən nüfuzlu KİV-lərinə Əhəd Abıyevlə bağlı açıqlamalar verəndə, həmin “jurnalistlərdən” biri əleyhimə status yazıb, məni təhqir etmişdi. Hər vələdüzzinaya cavab verməyi özümə rəva bilmədiyim üçün gülüb keçmişdim. Yazı-pozudan, mətbuatdan uzaq olan, sosial şəbəkələrin “yolunu tanımayan” bir neçə qohumum elə həmin gün mənə zəng edib, ürək-dirək vermişdi, bir vələdüzzinanın təhqirlərinə baş qoşmamağı məsləhət görmüşdü. Çaşıb qalmışdım. Yaşı səksəni haqlamış əmim hardan bilib ki, qotur bir “jurnalist” məni təhqir edib? Bəs, Firəngiz xala, Əsli bibi bu təhqirlərdən necə xəbər tutub? 
Araşdıranda məlum oldu ki, məni özünə yaxın bilən, işi düşəndə “bacıoğlu” deyib başıma dolanan uzaq bir qohumum məni tanıyan adamlara zəng edərək, həmin avaranın yazdıqlarını nöqtəsinə, vergülünə qədər onların ovcuna qoyub. 
Əhəd Abıyevlə aramızda dava-dalaşa səbəb olan “Əsa ilə gəzən icra başçısı, işsiz gənclər” adlı məqaləni yazmamışdan bir həftə əvvəl vacib bir tədbirdə iştirak etmək üçün Daşkəsənə getmişdim. Əhəd Abıyev mənimlə ikiəlli görüşmüşdü, kabinetinə dəvət edib başda oturtmuşdu, çay, yanında da üç-dörd çeşid mürəbbə gətirtmişdi. Amma mən şəxsi münasibətləri deyil, haqqımda yazılan nalayiq ifadələri yaxınlarımın ovcuna qoyan uzaq qohumumun işsiz qalan üç oğlunu gözümün qabağına gətirib, o məqaləni yazmışdım. Mən işsiz gənclərimizin yolunu açmaq üçün başımı Əhəd Abıyevin baltasının altına qoymuşdum. Mənə qahmar çıxmalı olan qohumum isə haqqımda yazılan təhqirləri tirajlamaqla işini bitmiş saymışdı… 
Yenə iki il əvvəl “Lider” TV-də efirə gedən “Qaynar müzakirə” verilişində müğənni Afaq Aslanın ifa tərzini və geyimini sərt tənqid etmişdim. Veriliş efirə gedəndən sonra Afaq Aslan şəxsi facebook səhifəsində öz səviyyəsinə uyğun status yazıb, məni “ağ yuyub, qara sərmişdi”. Belə sarsaq işlərə baş qoşmadığım üçün ona cavab verməyə lüzum görməmişdim. Amma əsl həngamə axşam evə gedəndə baş vermişdi. Bu dəfə də anam məni “ağ yuyub, qara sərmişdi”. Anam danışıb ürəyini boşaldandan sonra bircə sual vermişdim: “Sən bunları hardan bilirsən?” Belə cavab vermişdi: “Sabir müəllim zəng edib, onun yazdıqlarını nöqtəsinə, vergülünə qədər mənə oxudu”.
Sabir müəllim də biz tərəflərdəndi. Kasıb adamdı, orta məktəb şagirdi olan üç qızını birtəhər dolandırır. Mən Afaq Aslanı həm də Sabir müəllimin üç gözəl balasına pis nümunə olduğu üçün tənqid etmişdim… 
Ötən həftə “İçdikləri arağı onların burnundan gətirmək lazımdır” adlı köşə yazmışdım. Məqalə saytda yerləşdiriləndın sonra içki düşkünü olan bir “ziyalı” özünün facebbok səhifəsində əleyhimə təhqiramiz status yazdı. Bu dəfə də başqa bir “qəhrəman” həmin mətni olduğu kimi əmim oğluna göndərib. Hələ bir utanmadan da soruşub ki, qohum-əqrabanın xəbəri var? Ay “qəhrəman”, mən o yazını sənin kimi araq şüşəsini qucaqlayıb yatan adamların ibrət götürməsi üçün yazmışam. İstəmirəm ki, gecə-gündüz içib, arvad-uşağı yaddan çıxarasınız. Hansısa “alkaş”ın məni söyməsinə niyə sevinirsən? Məni söyəndə, sənin əlinə zurna verirlər? Əgər verirlərsə, bir az möhkəm çal, “alkaş” dostların da oyansın… (moderator.az)

Paylaş: