Ça. Dek 10th, 2019

Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?

Son zamanlar diaspor sahəsində görülən işlər fundamentallığı  ilə diqqəti çəkir. Əksər ölkələrdə diasporla bağlı Koordinasiya şuraları fəaliyyət göstərir. Demək olar ki, bu sahədə pərakəndəlik aradan qaldırılıb.

Amma azərbaycanlıların daha çox yaşadığı Rusiyada, xüsusilə paytaxt Moskvadakı   diasporumuzun vəziyyəti barədə bunları söyləmək mümkün deyil.

Kimsəyə sirr deyil ki, Moskva soydaşlarımızın ən çox milyonçu olduğu meqapolisdir. Ancaq zaman-zaman bu şəhərdə azərbaycanlılar arasında müəyyən intiqaların yaşandığının da şahidi olmuşuq. Bəlkə də elə buna görədir ki, Rusiyanın digər bölgələrindən fərqli olaraq, Moskvada bu sahədə iş ürəkaçan deyil. Və mümkündür ki, Moskvada soydaşlarımızı xarici qüvvələr biri-birinə qarşı yönəldir.

Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu da bu məsələdən rahatsız olduğunu dəfələrlə dilə gətirib.

Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Modern.az-a açıqlamasında bu iddialarla razı olmadığını qeyd edib. Bildirib ki, Moskvada diaspor heç də zəif deyil:

“Son illər ərzində Rusiyanın Moskva şəhərində diaspor sahəsi çox yaxşı inkişaf etməkdədir. 10 ildir ki, bu sahədə işlər görülür. Müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Gənclər bir araya gətirilir. Xüsusilə, diaspor sahəsində fəal olan gənclərə diqqət ayrılır. Son 2 ilə nəzər salanda Moskvada diaspor sahəsinin inkişaf etdiyini deyə bilərəm. Azərbaycanın Rusiyadakı səfirliyi də diaspor təşkilatları ilə birgə çalışır, onlara dəstəklərini əsirgəmir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu işdə yaxından və birbaşa iştirak edir”.


S.Əliyevin sözlərinə görə, Azərbaycan diasporu Rusiyanın daha çox bir sıra şəhərlərində inkişaf edib:

“Deyə bilərəm ki, Rusiyanın iri şəhərlərində Azərbaycan diasporu daha yaxşı inkişaf edib. Moskva, Sankt-Peterburq kimi şəhərlərdə diasporumuz güclüdür. Elə bölgələr var ki, çox uzaqdır. Həmçinin, əhalinin də sayı azdır. Ona görə də o cür yerlərdə diaspor o qədər də güclü deyil”.

Samir Əliyev bildirib ki, Fuad Muradovun Dövlət Komitəsinə təyinatı diaspor sahəsinə güclü təkan verməkdədir:

“Fuad Muradovun  Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması birdən-birə olmayıb. O, bir çox təşkilatlarda, Milli Məclisdə deputat kimi fəaliyyət göstərib. İllər keçdikcə, daha çox təcrübə əldə edib. Həmçinin, komitəyə sədr gələndən sonra diaspor sahəsi ilə bağlı çoxlu işlər görüb. Bu sahəyə dəstəyi də var. Bu dəstək və işlər davam edir. Hesab edirəm ki, bu sahədə görülən işləri qiymətləndirməmək yumşaq desək, Allahsızlıqdır. Diaspor işi elədir ki, burada görülən fəaliyyət nəticəsini anında vermir. Bunu hər kəsin nəzərə alması vacıbdır. Eyni zamanda, diasporumuzun güclü olmağını istəyiriksə, harada yaşamağından, hansı sahədə çalışmağından asılı olmayaraq, hər bir azərbaycanlı bu işə dəstək olmalıdır. Bu istiqamətdə də işlər gedir. Artıq insanlarımızın diaspor məsələsəinə yanaşması Fuad Muradovun Komitəyə rəhbər təyin olunmasından sonra müsbət yöndə dəyişib. Ona görə də Azərbaycan diasporu məsələsində optimistik”.

Paylaş: