Bz. Dek 15th, 2019

Tələbə qızları qəsdən zəhərləyiblər? – “Müəmmalı məsələlər çoxdur…” – Professordan şok açıqlama

Tələbə qızların zəhərlənməsi və ölümünə göstərilən səbəblər müəmmalıdır. Çünki qida zəhərlənməsi üçün burundan qan gəlməsi və bir gün öncə qızdırmanın müşahidə edilməsi xarakterik deyil.

Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qalan üç tələbə qızın qidadan zəhərlənməsi və birinin dünyasını dəyişməsi hadisəsinin səbəbləri barədə danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, qızların zəhərlənməsi ilə bağlı bütün deyilənlər ehtimal ola bilər və buna görə ölüm səbəbi mütləq şəkildə araşdırılmalıdır:

“Tələbələrdə çox güman ki, qida toksik infeksiyası olub. Ancaq bu da təbii ki, əsas səbəb deyil. Son sözü məhkəmə tibbi ekspertizası deməlidir. 3 tələbənin zəhərlənməsi və birinin dünyasını dəyişməsi adi hal olmadığına görə mütləq şəkildə autopsiya olmalıdır.

Ümumiyyətlə qeyd edim ki, zəhərlənmə və ölüm hadisəsinə göstərilən səbəblər müəmmalıdır. Məhkəmə tibbi ekspertizası olmasa, ölümə səbəb müəyyən edilməyəcək. Burada qəsd də ola bilər. 3 cavan tələbənin zəhərlənməsinin araşdırılması buna görə mütləqdir. Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil. Ola bilər ki, boğulma olub. Bilirsiniz, tələbələrdə müşahidə edilən hallarla zəhərlənməyə səbəb kimi göstərilən hallar bir-birinə uyğun gəlmir”.

Professor qeyd edib ki, əgər bir gün əvvəl tələbələr təcili yardım çağırıbsa və qızdırmaları olubsa, demək ki, problem özünü bir gün əvvəldən göstərib:

“Məsələn, elə toksiki maddələr olur ki, hemotoksin kimi, bu maddə damarlarda laxtalanmanı pozur və qanaxmalar olur. Bu zaman qan təzyiqi həddən artıq yüksək ola bilər və burundan, ağızdan qan gələ bilər. Ancaq bunun qızdırma ilə heç bir əlaqəsi yoxdur.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya getməli idilər. Ola bilərdi ki, xəstəxanada da ölüm baş versin. Çünki sondakı hadisələr çox sürətlə baş verib: bir gün öncə qızdırmanın olması, səhəri gün huşsuz vəziyyətdə və ağızdan qan gəlmiş şəkildə aşkar edilmələri, birinin dünyasını dəyişməsi… Qızdırma bir neçə gün davam edən haldır, insanı yatağa salır və günlərlə davam edərək ağırlaşa bilir. Onlarda bunların heç biri müşahidə edilməyib. Müəmmalı məsələlər çoxdur”.

Professor qızların təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılmaması barədə səslənən iradlardan da danışıb:

“Qızlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, yəni anlaqlı formada buna etirazlarını bildiriblərsə, təcili yardımın onları məcburi şəkildə xəstəxanaya aparmaq ixtiyarı yoxdur. Onlar huşsuz vəziyyətdə olsaydı, bəli, hər üçü aparılmalı idi. Əgər onlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, mütləq imtina vərəqinə qol çəkməli idilər. Yəqin ki, qol çəkərək getməkdən imtina ediblər”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib. İlkin ehtimal kimi onların qidadan (konserv, suşi, kartof qızartması) zəhərləndiyi deyilib.

Qaldıqları yataqxanada huşsuz vəziyyətdə aşkarlanan qızlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, tələbələrdən biri isə dünyasını dəyişib.

Paylaş: