Ça. Dek 10th, 2019

Taniyaq ki, yaşasınlar!.. – Nuranə Tağıyeva yazır

Qəhrəmanlar hekayələri danışıldıqca yaşayır. Bu hekayə vətəni üçün zəhmət səbətini çiyinlərinə götürən, şeirləriylə bir millətə ruh verən, türk millətinin seçilmiş siması Əhməd Cavad Axundzadənin hekayəsidir.

(“Əhməd Cavad” sənədli filmindən).

Keçən həftə televiziya kanallarında dolaşarkən TRT Avaz-da bir proqram çıxdı qarşıma. Adı belə idi: “Əhməd Cavada vəfa”. Əlbəttə, dərhal dayandım və televizorun səsini artırdım. Uzun müddət gözlərimin proqramın adına kökləndiyini çox sonra hiss elədim. Proqram davam etdikcə, əzbərə bildiyim biri-birindən dəyərli bəstələrin sözlərinin Əhməd Cavada aid olduğunu bu yaşda öyrənməyin utancını yaşayırdım. Yenə də qəribə bir hüzur bürümüşdü məni. Bir Əhməd Cavad nəslinə mənsub olmağın qürurundan sinəm qabarmışdı desəm, yerinə düşər. Qarmaşıq fikirlərlə yanaşı, gizlindən məni əsir alan utanc hissimlə birlikdə möhtəşəm bir musiqi proqramı izləmişdim.

Konsert proqramı “Əhməd Cavad” sənədli filmi ilə davam edirdi. Bax, bu yazının ortaya çıxma hekayəsi də elə buradan başlayırdı. Getdikcə artan və bir ox kimi sinəmə batan, hardan gəldiyi bilinməyən bu sancının düyünləri yavaş-yavaş açılırdı. Özümə etiraf etməkdən qaçdığım gerçəklə üzləşməkdən başqa çarəm qalmamışdı. Cıqqırımı çıxartmadan, bir saat iki dəqiqə otuz üç saniyəyə sığdırılan, bir igidin həzin hekayəsini göz yaşları içərisində izlədim. Film bitdi və mən başımı önümə əyib, gözümdən ovcuma düşən son damcının arxasına sığınaraq, öz-özümə bu sualı verdim: Əhməd Cavadı tanıdınmı?

Bəli, tanıdım. Amma vaxtından çox gec tanıdım…

Üzümü gənc nəslə tuturam: Əhməd Cavad kimdir? Bu sualın cavabını bir Azərbaycan gənci kimi, həmin sənədli filmi izləməzdən qabaq mən də sizin kimi eynilə bu şəkildə cavablayardım: “Himnimizin sözlərini Əhməd Cavad, bəstəsini Üzeyir Hacıbəyli yazıb. Bir də “Çırpınırdın Qara dənizi” Əhməd Cavad yazıb, Üzeyir Hacıbəyli bəstələyib”. Nə çox şey bilirmişəm haqqında, elə deyilmi? Necə də yaxşı tanıyırmışam şeirlərini bizə çatdırmaq üçün dostlarının yaddaşına həkk edən bu vətən sevdalısını?

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax! 

Bu şeirin ortaya çıxma hekayəsini hansımız bilirik? Və yaxud sualımı başqa formada verim. Niyə bilmirik? Bilirsinizmi, evi talan edilən, əsərləri yandırılan, yazdığı şeirlərə görə bir qatil kimi mühakimə olunan bu türk oğlunun tək çarəsi bir insan yaddaşıydı? Bilirsinizmi ki, dostunun yaddaşına əmanət etdiyi “Susmaram” şeiri  düz 67 il sonra zehin həbsindən çıxa bilib? Əhməd Cavadın dostunun 67 il yaddaşında saxladığı bu son şeiri niyə bizim yaddaşımızda yoxdur?! Əhməd Cavadın tək xəyalı olan müstəqil ölkəsinin millətinə qoyduğu son əmanətinə niyə gözümüz kimi, canımız kimi sahib çıxmırıq? Düzdür, biz türkük, əmanətə gözümüz kimi baxarıq. Gəlin, bu əmanətə təkcə gözümüz kimi yox, həm də sözümüz, misramız kimi baxaq. Uşaqlarımızı, gənclərimizi bu misralarla böyüdək. Ölkəsinin azadlığını, müstəqilliyini hər şeydən üstün tutan bu türk oğlunu tanıyaq, tanıdaq!

Film 1892-ci ilin 5 mayında atasının Şəmkirdə dünyaya göz açan Əhməd Cavadı qucağına dua və şükürlə alınmasıyla başlayır. Bir may günəşi parıldayırdı o illərdə, indicə açılan gözlərinin qarasına. Elə bilirsən müjdə gətirib. O dərəcədə göstərişli, gözlə görülür bir parlaqlıq idi. Lakin qışda çıxan günəş, yayda yağan qar gələn təhlükədən xəbər verər. Bir od düşmüşdü şəhərə, əslində. Ölümsüz bir şair doğulmuşdu…

Filmdə atasının vəfatından sonra anası ilə birlikdə Gəncəyə, ögey qardaşlarının yanına  köçən Əhməd Cavadın uşaqlığını Gəncə mədrəsəsinə olan möhkəm sevgisi ilə təsvir edirlər. İlk şeirini mədrəsədə yazmağa başlayan Cavad gələcəkdə o çox sevdiyi mədrəsədən müəllim diplomuyla məzun olan gənc bir dəliqanlı olaraq qarşımıza çıxır. Həmin an özümü filmə qapdırıb, xarakteri canlandıran aktyoru sanki Əhməd Cavadın özüymüş kimi qəlbimin ən özəl küncünə basıb qucaqlamaq istəmişdim. Bağrımda qopan o səssiz hayqırışın səsini deyəsən ancaq bu şəkildə susdura bilərdim.

Abdulla Tofiqin Abdulla Şaiqə yazdığı məktubdan: “Tələbələrimin arasında Cavad adlı gənc bir şair var. Mənə səsləndirdiyi şeirlərindən gördüyüm qədəriylə gələcəkdə çox güclü bir şair olacağı şübhəsizdir”.

1912-ci ildə Osmanlı dövlətinin başlatdığı Balkan müharibələri mübarizəsinə dəstək olmaq məqsədilə Qafqaz Könüllüləri Birliyində könüllü olaraq müharibəyə gedən şairin bu addımı şeirlərində yazdığı mirsaların sadəcə, söz kimi yazılmadığının ən böyük nümunəsi olaraq qəbul edilir. Beləliklə, əzəli düşmənlərimizin də qara siyahısında ilk sıraya yazdırır adını. Lakin türk dünyasının istiqlalı, tərəqqisi üçün savaşan bu missiya sahibinin uzun müddət mübarizə əzminin nəfəsini kəsə bilmirlər.

Balkan müharibələrinin ardınca Osmanlı dövləti 1914-cü ildə I Dünya Müharibəsinə qoşulur. Bu acı xəbəri alan Əhməd Cavad əsrlər boyunca türk dünyasının himninə çevrilən, kiçikdən böyüyə hər kəsin hisslərinə tərcüman olan o ölməz misraları yazır.

Gəncə şəhəri, 4 dekabr 1914

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!..” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol vər Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!.. 

Əhməd Cavad eyni zamanda Bakı Müsəlman cəmiyyəti xeyriyyəsinin xeyriyyə fəaliyyətlərinə qatılıb, müharibə qurbanı yüzlərlə yetim uşağı Gəncə və Bakıya gətirib imkanlı ailələrə təslim edib, 6500 müsəlman qadınını zillətdən qurtarıb, Anadoludakı qardaş-bacılarının yaşayış şəraitlərinin yaxşılaşması üçün böyük səy göstərib.

1917-ci ildə Leninin təlimatıyla Azərbaycan torpaqlarında bolşevik qiyamı başlamış, bolşevik-erməni şəbəkəsi Azərbaycan xalqına yönəlik qəddarca soyqırımlar törətmiş, xalqı qorxunc işgəncələrə məruz qoymuşdu. Bu təlimata qarşı çıxan qəhrəman türk övladları 1918-ci ilin 28 mayında türk müsəlman dünyasının ilk müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur Cümhuriyyət elanının arxa planında şübhəsiz, Əhməd Cavad kimi ədəbiyyatçıların və maarifçilərin başlatdığı ədəbi fikir hərəkatının əhəmiyyətli rolu olmuşdu.

Bolşevik-erməni qruplaşmasının qorxunc əməllərinə qarşılıq olaraq, Ənvər paşa qardaşı Nuru paşanı əmrindəki Qafqaz İslam Ordusuyla birlikdə Azərbaycandakı qardaşlarının köməyinə göndərir. Beləliklə, Bakının işğaldan azad olunmasına vəsilə olaraq, adını tarixin qızıl səhifələrinə yazdırmağı da bacarır. Gəncədə Nuru paşanı qarşılayan şəxslərdən biri də Əhməd Cavad olur. ‘Şairin ən kəskin silahı qələmidir” deyərək, Qafqaz İslam Ordusuna şeirlər həsr edir.

Azərbaycan torpaqları əsrlərdir rusların o böyük layihəsinin həyata keçməsi üçün mərminin ucuna yerləşdirilən ən vacib güllələrdən biri idi. 1920-ci ilin 28 aprelində Qızıl Ordu körpə Cümhuriyyətimin gözünün yaşına baxmadan azadlığına son qoydu.

Bu çirkin əməl batil olduqdan sonra ölkəmin şairi, şeirlərindəki vətən sevgisi, bayraq sevgisi, hürriyyət, istiqlal mübarizəsinə görə dəfələrlə günahlandırılır, həbsə atılır, şeirləri yandırılır, işgəncələrə məruz qalır. Amma nə o vaz keçir mübarizəsindən, nə də onu yox etməyi beyinlərinə yerləşdirən cəlladlar.

1925-ci ildə “Göygöl” şeirində istifadə etdiyi ay və ulduz ifadələrinə görə onu yenidən həbsə atırlar. İllər keçdikcə yerini möhkəmləndirən, xalqı zorla özünə tabe etməyi bacaran bolşevik höküməti 1937-ci ildə şairin Azərbaycan Yazıçılar Birliyindəki üzvlüyünə son verir. 1937-ci ilin 4 iyununda son dəfə sorğu hücrəsində 4 ay fasiləsiz qəddarca işgəncələr verilərək sorğulanan Cavad pantürkist, Türkiyə agenti, xalq düşməni kimi ittihamlarla günahlandırılır. Bütün bu vəhşiliklərə tab gətirə bilməyən bədəni ölməz mübarizə əzmini qəlbinin dərinliklərinə həbs edərək, Allahın dərgahına üz tutur. Nifrəti bununla da bitməyən rus qatillər tarixin ən qanlı cinayətinə imza atır. Onun cansız bədənindən belə qorxan cəlladlar şairin başına iki güllə sıxmaqdan da özlərini saxlaya bilmirlər.

Gəlin adına Sovetlər Birliyi deyilən kommunist rejimin işgəncələr verdiyi, zindanlarda çürütdüyü, ailələrinə, xanımlarına, uşaqlarına şərəfsizcə yaxınlaşdığı bu dava adamlarının getdikləri yolun zalımca yağmalandığını unutmayaq, unutdurmayaq. Bu mübarizənin sonunda ölümləriylə ölümsüzlük qazanan ədəbiyyat şəhidlərimizi vəfa ilə yad edək…

Qarabağında şux bülbülün var,
Baldan da dadlı şirin dilin var,
Türküstan kimi böyük elin var.
Canım-gözüm, gözüm-canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan! 

Nur içində yat, Şairim!

Haqqını halal et, Şəhidim!..

Paylaş: