Ça. Dek 10th, 2019

Azərbaycan ədəbiyyatında ilkə imza atan sumqayıtlı yazıçı

Hər hansı bir yeniliyə ilk imza atmaq hər adamın qismətinə düşmür. Bu gün onun ana dilimizdə dedektiv janrında yazan ilk qadın yazıçı olduğu barədə hələ ki, söz deməyə heç kim tələsmir. Amma onun “Görünməyən həqiqət” dedektiv kitabı imzasını Azərbaycan ədəbiyyatı tarixində daim yaşadacaq…

Sakit, ağıllı, müstəqil düşüncəli və kübar xanımdır. İti zəkası, özünəməxsus rəngarəng xarakteri ilə seçilir. Bağışlamağı bacarır. Dostluqda sədaqətli, ünsiyyətdə mülayimdir…

Sumqayıt şəhərində dünyaya gəlib. 2004-cü iildə həmin şəhərin N.Tusi adına orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illərdə Sumqayıtda fəaliyyət göstərən müxtəlif kompüter mərkəzlərində müəllim işləyib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.Az saytında redaktor vəzifəsində çalışıb. 2017-ci ilin iyun ayından Qadin.Net saytının baş redaktorudur…

İndiyədək beş kitabı işıq üzü görüb. İlk kitabı “Görünməyən həqiqət” 2013-cü ildə, “Bir yarpağın arzusu” adlı ikinci kitabı 2015-ci ildə, “Hər şey qızım üçün” üçüncü kitabı 2016-cı ildə, sayca dördüncü kitabı “Adsız” 2017-ci ildə, sonuncu “Vanuatu adasının sakinləri” adlı beşinci kitabı isə 2019-cu ilin fevral ayında işıq üzü görüb…

…Ailəlidir, Murad adında bir oğlu, Xədicə adında bir qızı var. Murad 10, Xədicə isə 6 yaşındadırlar…

Haqqında söhbət açdığım yazıçı-jurnalist Xəyalə Murad həm də istedadlı tərcüməçidir. Bu günədək tərcümə etdiyi bir sıra hekayələr müxtəlif hekayə toplusunda yer alıb. 2018-ci ildə isə Vladimir Jeleznikovun “Müqəvva” əsərini tərcümə edərək oxuculara təqdim edib. Kitab qısa müddət ərzində dəfələrlə “ayın ən çox satılan kitabı” olub…

Yaradıcılığı bir sıra ədəbi mükafatlara layiq görülüb. Onların arasında “Fəxri fərman” və “Ən yaxşı hekayə” mükafatları da var. Onun “Vanuatu adasının sakinləri” romanının sinopsisi isə Rusiya Dövlət kinostudiyası olan “LENFİLM”in elan etdiyi beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb. “Yaşam naminə” hekayəsi sayəsində 2017-ci il noyabrında İsveçdə keçirilən “VI Beynəlxalq Ədəbiyyat Festivalı”-nda 38 ölkədən qoşulan 1200 yazıçı arasından fərqlənərək finalist olub. Və həmin hekayəsi ilə 2018-ci il aprelində “Женское Дерево ресурсности” adlı Beynəlxalq Ədəbiyyat müsabiqəsində III yer tutub…

Bəli, ana dilimizdə dedektiv janrında kitabı nəşr olunan ilk qadın yazıçı məqamına yüksələn Xəyalə Murad gənc olmasına baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixində öz imzası ilə əbədi yaşayacaq. Noyabrın 25-i Xəyalə xanımın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Elman Eldaroğlu,
tekdam@mail.ru

Paylaş: