29 Noyabr 2020 20:48

Saakaşvili Gürcüstan üçün nə hazırlayır? – ŞƏRH

İvanişvili  etirazçılara güzəştdən imtina etdi

İlqar Vəlizadə: “Gürcüstanda elə bir qeyri-müəyyən vəziyyət yaranıb ki, heç nəyi istisna etmək olmaz”

Gürcüstan hakimiyyəti  seçki islahatları ilə bağlı yekun qərarını açıqlayıb.

“2020-ci ildə parlament seçkiləri qarışıq model  əsasında keçiriləcək”. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının fəallarından biri, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıqlama verib. “Mövzu qapanıb. 2020-ci ildə qarışıq seçki sistemi saxlanacaq”-Kaladze parlament çoxluğunun iclasından sonra belə deyib.

Bu arada Gürcüstan parlamentinin binası və Prezident  Sarayının qarşısında proporsional seçki sisteminin konstitusiya ilə bərpa olunması tələbi ilə aksiyalar davam edir.

Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar. Aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd edib. Etirazçılar bildirib ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.

Kaxa Kaladzenin açıqlaması İvanişvili iqtidarının güzəştə getmək niyyətində olmadığını göstərir. Bu isə ölkədə hakimiyyətə qarşı aksiyaların güclənəcəyini istisna etmir. Ancaq siyasi müşahidəçilər hesab edir ki, 2020-ci ildə keçiriləcək seçkilərə Gürcüstanda hakimiyyət dəyişikliyindən danışmaq hələ tezdir.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Gürcüstanda hakimiyyət-müxalifət münasibətlərində müşahidə olunan mövcud siyasi gərginlik qalmaqda davam edəcək:

“Kaxa Kaladzenin bəyanatı hər halda hadisələrin sabitləşməsinə mane olacaq və aksiyaların gedişatına təsir göstərəcək. Amma aksiyaların güclənəcəyini də düşünmürəm. Çünki müxalifət hakimiyyətin güzəştə getməyəcəyini yaxşı başa düşür. Müxalifət daha çox siyasi qığılcıma səbəb olacaq hadisəni gözləyəcək ki, ondan istifadə etsin və prosesi alovlandırsın.  Lakin bu bəyanatdan sonra Gürcüstanda ciddi iğtişaşların baş verəcəyi real görünmür”. 

Qeyd edək ki, hazırda Gürcüstanda 20 müxalifət partiyası proporsional sistemin bərpası tələbi ilə aksiya keçirir. Hakimiyyətə qarşı əsas alternativ kimi əvvəlki illərdə də daha çox eks-prezident Mixail Saakaşvilinin liderlik etdiyi  Vahid Milli Hərəkat Partiyasının adı çəkilib. Son etirazlarda Avropa Gürcüstanı Partiyasının siyasi  təşkilatçılıq baxımından proseslərdə önə çıxdığını görmək olar.

“Hansı partiyanın siyasi şansı daha yüksəkdir” sualına  cavabında İlqar Vəlizadə  bildirdi ki, bu proseslərin gedişindən asılı olaraq dəyişə bilər:

“Sentyabr ayında keçirilən rəy sorğularının nəticələrinə görə, hakim “Gürcü Arzusu” Partiyasını təxminən respondentlərin 19 faizi dəstəkləyir. Qriqol Vaşadzenin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının tərəfdarlarının sayı 9,5 faiz təşkil edir. Bu da göstərir ki, hakim partiyanın hələ də resursları var. Ona görə də “Gürcü Arzusu”nun öz mövqelərini asanlıqla təhvil verəcəyini düşünmək olmaz. Amma proseslərin inkişafı hadisələrin gedişindən asılı olaaq dəyişə bilər. İndi Gürcüstanda elə bir qeyri-müəyyən vəziyyət yaranıb ki, heç nəyi istisna etmək olmaz.  Bu vəziyyətdən müxtəlif qüvvələr istifadə edəcək. Ola bilər ki, Avropaya inteqrasiyanın tərəfdarları da bundan istifadə edə bilər. Ola bilər ki, situasiyadan asılı olaraq, onların reytinqi artsın. Ancaq 2020-ci ilin oktyabr ayında keçiriləcək seçkilər ərəfəsində bu reytinqin həmin səviyyədə qalacağını demək çətindir”.   /Cebhe.info/

Paylaş: