04 Dekabr 2020 18:33

“Ay şərəfsiz, mən Qarabağda döyüşəndə sən haradaydın?!” – Cümşüd Nuriyevi “BOMBALADI”

Xəbər verdiyimiz kimi, politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ döyüşləri zamanı qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlədib.

Onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub:

“Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə oradaydılar”.

Politoloqun dövlət televiziyasında səsləndirdiyi fikirlərə münasibət bildirən Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu qeyd edib ki, Cümşüd Nuriyevin bu açıqlaması çox yersiz və lüzumsuzdur:

 “Hesab edirəm ki, onun işlətdiyi ifadələrlə bağlı müvafiq dövlət orqanları ölçü götürməlidir. Azərbaycanın ərazi bütövlüyünün qorunmasında yüzlərlə xanım iştirak edib. Onlardan bir çoxu şəhid olub, yaralanıb. Kiminsə belə təhqiramiz ifadələr işlətməyə haqqı yoxdur. İnsan danışdığı sözün məsuliyyətini dərk etməlidir. Cümşüd Nuriyev döyüşçü xanımlardan üzr istəməlidir”.

Qarabağ qazisi Gültəkin Quliyeva da politoloqun işlətdiyi ifadələrə görə döyüşən Azərbaycan xanımlarından üzr istəməsini tələb edib:

“Cümşüd Nuriyevə kim haqq verib ki, Azərbaycan xanımlarını təhqir edir?! Onun kimi ər olmaqdansa, ərsiz olub, vətənin müdafiəsinə qalxmaq şərəflidir. Xanım Xəlilova ilə aralarında nə baş verdiyini bilmirəm, mən müharibəyə vətənimi qorumaq üçün getmişəm. Xanım Xəlilovaya görə döyüşçü qadınları təhqir etmək olmaz. Ay şərəfsiz, mən döyüşəndə sən haradaydın?! Tələb edirəm ki, bütün Azərbaycan xanımlarından, döyüşçülərdən, şəhid ailələrindən, qazilərdən üzr istə!”

Qeyd edək ki, məsələ ilə bağlı dəfələrlə Cümşüd Nuriyevlə əlaqə saxlamağa çalışdıq. O, suallarımıza cavab verməkdən imtina etdi. (redaktor.az)

Paylaş: