29 Noyabr 2020 22:57

O sözü deyən kişi deyil – Polkovnikdən AĞIR CAVAB

Mən Cümşüd Nuriyevi ziyalı, alim və yaxşı siyasətçi kimi tanıyıram. Düzü, bu fikirləri ona heç yaraşdırmadım. O qadınlar qışın şaxtasında, yayın istisində gecə-gündüz səngərdə olublar. İmkanları daxilində yardımlar ediblər. Onlar həm də səngərdə ana-bacı idilər. Müharibə dövründəki qadınlar barədə kiminsə belə ifadə işlətməyi təbii ki, xoş qarşılanmaz. Bu təkcə qadınlarımızın yox, həmin dövrdə döyüşən əsgərlərimizin də xətrinə dəyər. O qadınlar səngərlərdə olanda çox kişilər qaçıb gizlənmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aqil Abbas AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişində politoloq Cümşüd Nuriyevin səsləndirdiyi fikirlərə münasibətində deyib.

A.Abbas Birinci Qarabağ savaşında daim cəbhə bölgəsinə gedib-gəldiyini bildirib:

“Dəfələrlə Füzuli, Ağdam bölgəsində olmuşam. Onlarla ünsiyyətim olmayıb, amma səngərlərdəki qadınları görmüşəm. O batalyon Cəbhədən əvvəl yaransa da, Cəbhə vaxtı daha aktiv idi”.

Tanınmış Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da C.Nuriyevin sözlərini birmənalı qarşılamayıb:

“Düzü, həmin batalyonla mənim heç bir əlaqəm olmayıb. Elə bir batalyonun olması barədə eşitmişəm, amma həmin qadınlar harada döyüşüblər, bu barədə məlumatım yoxdur.

Cümşüd bəyin sözlərinə gəlincə onu deyə bilərəm ki, bu çox yanlış fikirdir. Qarabağ müharibəsində kifayət qədər ləyaqətli, namuslu xanımlarımız olub. Onlar daha çox tibb bacısı kimi cəbhədə olsalar da, əllərindən gələni ediblər. Döyüşənlər də olub. Bu fikirlər qəbuledilməzdir. Ola bilsin ki, orada hansısa o kateqoiyalı bir-iki qadın olub. Amma bu o demək deyil ki, həmin qadın batalyonlarına əxlaqsız deyəsən”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da döyüşçü qadınlar haqqında bu cür ifadələr işlədilməsinin yolverilməz olduğunu söyləyib:

“Azərbaycan kişisi qadın deyəndə anasını, bacısını, həyat yoldaşını, qızını nəzərdə tutur. Düşünürəm ki, bu statusa malik olan qadınların hörmətini saxlamaq istəyən Azərbaycan kişisi bu formada fikir söyləməli deyil. Vaxtilə qadın batalyonları yığılıbsa, deməli, bu qadınlar kişilərlə bərabər Vətəni qorumağa gediblər. Batalyon şəklində olmasa da, əvvəllər və bu gün də orduda qadınlar xidmət edib və edir. Biz dəfələrlə qadınlarımızın döyüşlərdə həkim, tibb bacısı kimi neçə-neçə əsgəri xilas etdiyini görmüşük. Qadınlar demək olar ki, ön xətdə əsgərlərimizlə bərabər döyüşüblər. Bizim nə qədər qadın snayperlərimiz olub! O qadınlara necə bu cür yanaşmaq olar? Biz səngərdə olanda qadın döyüşçülərə başqa gözlə baxmırdıq, onlara ən yaxın adamımız kimi hörmət edirdik. Əgər bu sözü deyən adamın özünün qadınlara qarşı çirkin baxışları varsa, bu o demək deyil ki, həmin qadınlar əxlaqsız idi və batalyona o məqsədlə yığılmışdılar. Mənə elə gəlir ki, bu sözü deyən insanın özünün psixoloji problemi var.

Aslanın erkəyi-dişisi olmur. O qadınların içində aslan kimi döyüşüb, Vətən uğrunda şəhid olanlar, qazilər var. Onların bəziləri elə yaralar aldılar ki, ömür boyu şikəst qaldılar və ya aldıqları travmadan vaxtından əvvəl dünyadan köçdülər. Ağlıma qadın döyüşçülərimiz haqda o sözü işlədənə qarşı çox təhqiramiz sözlər gəlir, ancaq bunu ifadə etmək istəmirəm, özümü saxlayıram”.

Şair Ramaldanov cəmiyyətin C.Nuriyevin fikirlərinə etiraz etməsini alqışlayıb:

“Bizim tariximizdə özünəməxsus yer tutan qadın batalyonları haqqında belə fikirlər demək təkcə qadınlara yox, Azərbaycan xalqına qarşı da təhqirdir.

Bu günün özündə də könüllü şəkildə döyüşməyə hazır olan nə qədər qadınımız var. Aprel hadisələrində nə qədər qadın, xüsusilə də təmas xəttinə yaxın ərazilərdə yaşayan xanımlarımız çağırış məntəqələrinə gedərək döyüşlərdə iştirak etmək istədiyini demişdi. Bu, bizim Dağlıq Qarabağla, bugünkü vəziyyətlə bağlı tariximizin bir hissəsidir. Ümumiyyətlə, qadınların döyüşə hazır olması, işğalla barışmaması yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, batalyonlardakı qadınları bu cür təhqir etmək cinayətdir. Necə ki, cəmiyyət Milli Qəhrəmanımız Mübariz İbrahimova dil uzadılmasını qəbul etmədi, döyüşçü qadınlara qarşı ittiham irəli sürən şəxsin qınaq obyektinə çevrilməsi doğrudur. Mən belə düşünən adamı ümumiyyətlə, kişi adlandırmıram”.

Xatırladaq ki, sabiq deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” proqramındakı çıxışı zamanı bəyan edib ki, AXC-nin könüllü qadın batalyonu yaranmışdı, buna Xanım Xəlilova başçılıq edirdi: “Ölkədə nə qədər ərindən boşanan, küçədə qalan qadınlar var idisə, bunlar kişi söyüşləri ilə orada (Ali Sovetin binası mühasirəyə alınanda – red.) idilər”.

Paylaş: