Şb. Dek 7th, 2019

Azərbaycanda xəbər saytı açmaq çətinləşəcək – Gələn ildən YENİLİK

Faktiki olaraq Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Bəs, bu dalğa dördüncü hakimiyyət hesab edilən mediaya nə zaman çatacaq?

Turkustan.info xəbər verir ki, hökumət kulislərində yanvar ayından media ilə bağlı ciddi tədbirlərin görüləcəyi haqda xəbərlər dolaşır. Yəni, bundan sonra hər kəs domen adı alıb, xəbər saytı aça bilməyəcək. Mövcud qanunlardakı boşluqlar aradan qaldırılacaq, prosedur daha da sərtləşdiriləcək.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət də hesab edir ki, onlayn medianın fəaliyyəti ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var:

“Biz bunu Mətbuat Şurasının İdarə Heyətinin iclaslarındakı müzakirələrdə də səsləndirmişik. KİV adına iddia edən bütün saytlar konkret normalara cavab verməlidir. Kütləvi İnformasiya Vasitələri haqqında qanunda da var, istənilən media orqanının rekvizitləri olmalıdır – təsisçi və baş redaktorun adı, ünvan, əlaqə telefonu.

Əksər saytlara baxın, heç bir rekvizit yoxdur. Bu şeylərin ciddiyə alınması ilə bir seçim aparmaq olar. Konkret olaraq bu normalar bir qədər də sərtləşdirilməli, özünü onlayn media sayan saytlar seçilməli, fərqlənməlidir. Təbii ki, peşəkar KİV orqanları bu rekvizitləri açıq şəkildə göstərəcəklər”.

Azər Həsrət əlavə edib ki, onlayn mediada peşəkarlığın yüksəldilməsi üçün maliyyə məsələsi də çox önəmlidir:

“Bilirsiniz ki, Azərbaycanda mediaya rəsmi formada dövlət dəstəyi göstərilir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsi ilə qəzetlərə, saytlara və digər KİV-lərə maliyyə yardımı ayrılır. Uzun illərdir təklif edirik ki, maliyyənin böyük hissəsi onlayn mediaya ayrılsın. Qəzet dönəmi artıq arxada qalmaqdadır. İnsanlar kağız üzərindən nəsə oxumağa meyilli deyil.  Onlayn medianın daha peşəkar səviyyəyə çatdırılması üçün bu dəstək vacibdir.

Hazırda istənilən şəxs bir domen adı alır, xəbər saytı aça bilir. Təbii ki, belə saytlar peşəkarlıqdan uzaq olurlar. Peşəkarlığın yükəldilməsi şərt olaraq qoyulsa, bu saytlar bazarda özünə yer edə biləməyəcək. Bir keyfiyyət yarışması başlanacaq ki, ciddi jurnalistika digərlərini geridə qoyacaq”.  /Redaktor.az/

Paylaş: