Be. Dek 9th, 2019

İraqda daha 40 etirazçı öldürüldü

Ötən gün Bağdad şəhəri və İraqın cənubunda iğtişaşlar nəticəsində 40 etirazçı öldürülüb.

Turkustan.info xəbər verir ki, bu barədə “Associated Press” nəşri anonim tibb işçiləri və təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, İran konsulluğu yandırıldıqdan sonra yaranmış münaqişə zamanı isə Nəcəf şəhərində 36 etirazçı öldürülüb, 245 nəfər yaralanıb. Paytaxtda daha 4 nümayişçi güllələnib, 22 nəfər xəsarət alıb.

Bu məqamda bildirək ki, İraqda 1 oktyabr 2019-cu ildə nümayişlər başlayandan bəri ən azı 350 nəfər ölüb, minlərlə insan yaralanıb.

Əvvəlcə etirazçılar hakimiyyətdən gənclərin işsizliyinə və korrupsiyaya diqqət yetirmələrini, sonra mövcud siyasi sistemin dəyişdirilməsi tələblərini səsləndirməyə başlayıblar. Baş nazir Adil Əbdül-Mehdi hökumətdə dəyişikliklər ediləcəyini və sosial sahədə islahatlar aparacağını vəd etsə də, nümayişçilər bununla kifayətlənməyiblər. İndi onlar Baş Nazirin özü də daxil olmaqla bütün siyasi rəhbərliyin istefasını tələb edirlər.       /Qafqazinfo/

Paylaş: