Be. Dek 16th, 2019

Güney Azərbaycan: Rejim fəallara qarşı repressiyaları davam etdirir

Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra aksiya iştirakçılarına qarşı təqiblər dalğası davam edir. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Həmədan Polis İdarəsinin rəisi çərşənbə günü verdiyi açıqlamada təmsil etdiyi əyalətdə 5 nəfərin saxlandığını bildirib. Bəxşəli Kamrani Saleh saxlanılanları iğtişaşçı adlandıraraq onların internetdə əhalini etirazlara təhrik etməklə bağlı yalan məlumat yaymaq ittihamı üzrə saxlandığını deyib. Çərşənbə günü Zəncan  Polis İdarəsinin rəisi də əyalətdə keçirilən etiraz aksiyaları ilə bağlı 5 nəfərin yenicə saxlandığını qeyd edib.

Rəhim Cahanbəxş tutulanların iğtişaş yaratmaq və dövlət əmlakına ziyan vurmaqda ittiham edildiyini  deyib. Noyabrın 27-də verilən açıqlamaya görə, Qəzvin Əyalətində də 15 nəfərin saxlandığı məlum olub. Qəzvin Əyaləti Polis İdarəsinin rəisi Mehdi Haciyan bu barədə məlumat verərək bildirib ki, tutulanlar aksiya zamanı yanacaqdoldurma məntəqələrinə hücum edib, onlar bu ittiham üzrə saxlanılıb. İki gün əvvəl Güney Azərbaycanın digər əyalətləri, o cümlədən Şərqi Azərbaycanda da etirazlarla əlaqədar bir neçə nəfərin yaxalandığı açıqlanıb. Bundan əlavə, kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla milli-mədəni fəal tutulub.

Təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərinə yayılmasından ehtiyatlanaraq önləyici tədbir kimi güneyli fəalları həbs edib. Tutulan fəallardan təxminən 30-nun kimliyi müəyyənləşib.

Paylaş: