Şb. Dek 7th, 2019

Parlamentdə hansı dəyişikliklər olacaq – ŞƏRH

Zərdüşt Əlizadə: “Savadlı, müstəqil və xalqı sevən gənclər Məclisdə yer alsalar belə, onların səsi səhrada qışqıran insanın səsi kimi əriyib gedəcək”

Xəbər verdiyimiz kimi, YAP Siyasi Şurasının noyabrın 28-də keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Sözügedən qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək. İclasın gündəliyində bir məsələ var – YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsi.

AYNA əməkdaşı politoloq Zərdüşt Əlizadə ilə mövzu ətrafında həmsöhbət olub.

– Zərdüşt müəllim, olduqca maraqlı yeniliyin şahidi olduq – hakim partiya Parlamentin buraxılmasını istədi. Sizcə, nə baş verir?

– İstər 1990-ci ilin Ali Soveti, istər 1995-ci ilin Milli Məclisi, istərsə də ondan sonrakı çağırışlar formalaşan məclislər həmişə müxtəlif adamların təqdimatına əsasən təsdiqlənib. Amma hər dəfə parlamentdə bir çox maneələr özünü göstərib. Bu maneələrə səbəb isə bəzi məmurların davranışları olub. Amma görünən budur ki, Parlamentdə Xanhüseyn Kazımlı kimi özünü idarə edə bilməyən, cəmiyyətdə heç bir nüfuzu olmayan və xalqa fayda verməyən adamların uzaqlaşdırılması qərara alınıb. Yeni gələnlərin də nisbətən cavan olacaqları gözlənilsə də, bir qüvvə ətrafında birləşəcəklər. Çünki Parlamentdə 3-4 nəfərdən başqa üzə çıxarılası adam yox idi. Onların əksəriyyəti geridə qalmış, zamanla ayaqlaşa bilməyən adamlar idi. Çox güman, indi nisbətən xarici dil bilikləri və yüksək təhsili olan, özünü apara bilən adamlara üstünlük veriləcək. Sözsüz ki, onlar da müti bir siyasət yeridəcəklər. Buna görə də mahiyyət dəyişməyəcək.

 Yeni Parlamentdə kimlərin gedəcəyini və kimlərin gələcəyini düşünürsünüz?

– Bu, məni qətiyyən maraqlandırmır. Çünki mən hansısa bir qurumun ictimai sinfi mahiyyətini anlayır və özüm üçün müəyyənləşdirirəmsə, vəzifəyə də kimin gələcəyi məni qətiyyən maraqlandımır. Məni şəxslər yox, ictimai mahiyyətlər maraqlandırır. Yəni əsas kimin gələcəyi deyil, gələn şəxsin iş prosesidir.

 Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov gənclərdən ibarət deputat korpusu yaradacaqlarını bəyan etdi...

– Məncə, bu proses tədricən baş verəcək. Diqqət yetirsək, görərik ki, Milli Məclisin gənc olaraq ən parlaq nümayəndəsi deputat Fuad Muradovdur. O isə, heç nə bacarmayan bir şəxsdir. Düzdür, gəncdir, xarizması var, xarici dil bilir, amma bu, heç nəyi dəyişmir. Çox güman ki, gənclər deyəndə onun kimi gənclər nəzərdə tutulur. Bununla da Avropanın yanında nüfuz əldə olunacağı hesab olunur. “Yaşlı məmurlar ölkəsi” təəssüratı nisbətən alacaq. Lakin mahiyyət dəyişməyəcək.

 Müxalifət yeni Parlamentdə yer əldə edə biləcək?

– Ənənəvi müxalifət nümayəndələrinin əksəriyyəti dövlətdən maaş alan insanlardır. Yəni daha çox göstərişlərlə hərəkət edirlər. Lakin ReAL partiyası, “Yaşıllar” hərəkatı, “Sosial Rifah” partiyasından namizədlər mandat əldə edə bilərlər. Lakin bu da hələlik sual altındadır.

 Yeni çağırış Parlamentdə ciddi dəyişikliklərə ümid etmək olar?

– Xeyr! Çünki yeni Parlament də hazırkı Parlament kimi göstərişlərlə hərəkət edəcək. Hətta, savadlı, müstəqil və xalqı sevən gənclər Parlamentdə yer alsalar belə, onların səsi səhrada qışqıran insanın səsi kimi havada əriyib gedəcək. Çünki mütəşəkkil qüvvələr onlara imkan verməyəcək.

 

Paylaş: