Be. Dek 16th, 2019

Bəzi YAP-çıların müxalifətlə gizli görüşü… – Korkodinov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parlamentin (Milli Məclisin) buraxılması və ölkədə vaxtından əvvəl seçkilərin keçirilməsi təşəbbüsünü göstərdi. Bununla da Azərbaycanda yaradılmış azad siyasi mühit respublika Prezidentinə ölkənin maraqları və mili təhlükəsizlik tələblərinə cavab verən hakimiyyət xəttini qurmağa imkan verir ki, bu da Dağlıq Qarabağ münaqişəsinin ortamüddətli perspektiv baxımından mümkün genişlənməsi öncəsi xüsusi olaraq aktualdır.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı siyasi icmalçı Denis Korkodinov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin parlamenti buraxacağı planları qabaqcadan məlum idi.

“Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının fövqəladə iclasında çıxış edərkən ölkə lideri dövlət aparatını tamamilə dəyişdirməyə, aparat heyətini korrupsiya qalmaqalları ilə əlaqəli olmayan və Prezidentin göstərişlərini ciddi şəkildə yerinə yetirəcək gənc elmi-texniki mütəxəssislərlə əvəz etməyə səy göstərdiyinə işarə etdi”, – deyə ekspert qeyd edib.

Həmsöhbətimiz əmindir ki, Azərbaycan Prezidenti seçicilərin dəstəyi sayəsində hakim partiya daxilindəki müəyyən müxalif yönümlü əhval-ruhiyyənin aradan qaldırılması üçün obyektiv şərait yaradılmasına çalışır. Belə ki, Bakıda baş vermiş son aksiyalar Milli Məclisin hakim partiyadan olan bəzi deputatlarının etiraz hərəkatının liderləri ilə pərdə arxası danışıqlar apardığını göstərdi.

“Bununla belə, parlamentin buraxılması Azərbaycanda struktur böhranının olmasının göstəricisi deyil. Milli Məclisdə dövlət əhəmiyyətli qərarların qəbul edilməsi prosesinin effektivliyini təmin edən və prezidentin hakimiyyət xəttini gücləndirməyə yönəldilmiş siyasi dəyişiklik baş verir. Qeyd etmək lazımdır ki, İlham Əliyev respublikada dəyişiklik layihəsinin əsas təşəbbüskarıdır və bu proses 2017-ci ilik fevralında Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə başlandı və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə genişləndi.

2017-ci ildə start götürən islahatlar sayəsində Azərbaycan Respublikasının rəhbəri nəinki daxildə, həmçinin ümumilikdə beynəlxaq ictimaiyyətə təsir göstərə bilən və ölkənin müsbət imicini formalaşdıran peşəkar islahatçılardan ibarət etibarlı bir komanda formalaşdırmağa nail oldu. Beləliklə, Milli Məclisin buraxılması siyasi müasirləşmədə maraqlı olan Azərbaycanda siyasi inkişafın qanunauyğun bir mərhələsini təşkil edir”, – deyə Korkodinov vurğulayıb.

Paylaş: