Be. Dek 16th, 2019

Bizim Türk milliyətçiliyimiz və etnik qardaşlarımız

Zaur Bayramlı

Azərbaycanda bizimlə birgə yaşayan talış, ləzgi, avar, tat, yəhudi, kürd, inqiloy və s. qardaşlarımız bilməlidirlər ki, Azərbaycan türklərinin millətçiliyi daxilə deyil, xaricə yönəlik millətçilikdir.

Ətrafımızda Ermənistan, Rusiya və İran kimi açıq və gizli düşmənlərimiz varkən bizim özünüqoruma instiktindən və tarixi haqqlarımızın bərpası istəyimizdən doğan millətçiliyimizdən təbii heç nə ola bilməz. Sonuc etibarı ilə Azərbaycan türklərinin millətçiliyi bölücü deyil, bütünləşdirici, qucaqlayıcı millətçilikdir və əslində yuxarıda adlarını çəkdiyim azsaylı xalqlar və etnik qruplar olan qardaşlarımızın da maraqlarına uyğundur. Belə ki, bizim hədəflədiyimiz Bütöv Azərbaycan dövləti tarixi ərazilərimizin bərpası ilə çox böyük dövlətə çevrilir və hər bir xalq, azsaylı xalq, etnik qrup və eyni zamanda hər bir fərd böyük dövlətin sərhədləri içində yaşamaq istəyər, nəinki kiçik dövlətin. Ayrıca, yuxarıdakı “özünüqoruma instinkti” söz birləşməsindəki ÖZ, sadəcə Azərbaycan türklərini ehtiva etmir, Azərbaycanda yaşayan bütün xalqlar və etnik qruplar bu ÖZ-ə daxildirlər.
Bundan başqa, Güney Azərbaycanla birləşməyimiz durumunda Quzey Azərbaycanın cənub bölgəsində kompakt halda yaşayan talış qardaşlarımız da, Güney Azərbaycanın şimal hissəsində yaşayan talış qardaşlarımıza qovuşacaqlar. Bütöv Azərbaycan ideologiyasından və platformasından kənarda bu, imkansızdır.
Amma çox təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın türk millətçilərindən başqa, digər etnik millətçilərin millətçilikləri xaricə deyil, daxilə yönəlikdir. Bir az daha açıqlarsaq, hədəf Azərbaycanın bütövlüyü yox, əksinə, bölünməsidir.
Hətta bəzi hallarda bu qardaşlarımızı təmsil etdiklərini iddia edən bir çox siyasi qrupların, yuxarıda adlarını çəkdiyim və bizi çevrələyən düşmənlərimizlə işbirliyi içində hərəkət etdiklərini üzülərək seyr etməkdəyik.
Əzizlərim, mən türkəm, sən talışsan, ləzgisən, avarsan, inqiloysan, tatsan, yahudisən, saxursan və sairə; biz hamımız bir yerdə AZƏRBAYCANLIYIQ və bizim bir Vətənimiz var : AZƏRBAYCAN
Yox, əgər sən özünə talış, ləzgi, avar, tat, yəhudi, kürd və sairə deyib, mənə etnik olaraq “azərbaycanlı” adını yapışdırmsq istəyirsənsə, bu iş olmaz – orda bir dəqiqə dur!
Millətçilik gözəl şeydir – təməl sağlam, hədəf qucaqlayıcı olduğu zaman.

Paylaş: