C. Dek 6th, 2019

Lavrovun Bakı səfərindən nələr gözləyək?- Politoloq rəyi

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu səfərdən nələr gözləmək olar, səfərin məqsədi, məramı nədir?

Turkustan.info bildirir ki, Bizimyol.info-nun suallarını politoloq Nəzakət Məmmədova cavablandırır.

Nəzakət Məmmədova

“Rusiya XİN-in rəhbəri Lavrovun Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra geniş spektrli məsələlərin, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın, Dağlıq Qarabağ məsələsinin nizamlanması perspektivinə dair fikir mübadiləsinin aparılması gözlənilir. Bundan başqa, bu səfəri regional və qlobal proseslərin Azərbaycana dair məsələlərin müzakirəsi baxımından həlledici hesab etmək olar.

Cənubi Qafqaz və ümumilikdə keçmiş sovetlər birliyinə daxil olan məkan 2020-ci ildə çox həlledici bir dövrə qədəm qoyur. Lavrovun səfəri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və siyasi xəttin uzlaşdırılması baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən səfər çərçivəsində Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci ilə dair məsləhətləşmə planını imzalanması gözlənilir. Onu da qeyd edim ki, bundan qısa bir müddət əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşma imzalanmışdı. Bu, qarşıdakı mürəkkəb dövrdə Azərbaycan və Rusiya arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır”.

Paylaş: