Ça. Dek 10th, 2019

Prezidentin icra başçısı təyin etdiyi 39 yaşlı Vüqar Novruzov kimdir? – DOSYE+FOTO

Prezident İlham Əliyev bu gün Vüqar Vahid oğlu Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı Vüqar Novruzov bu təyinatadək Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub.


Vüqar Vahid oğlu Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun baş müşaviridir. Ailəlidir, üç övladı var. (modern.az)

Paylaş: