Şb. Dek 14th, 2019

AzTU-da “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Dekabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

Turkustan.info xəbər verir ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev mövzunun aktuallığını vurğulayıb. Rektor bildirib ki, qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən biri telekommunikasiya ilə bağlıdır. Konfransın AzTU-da keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan rektor bu gün universitetdə qlobal iqtisadiyyatın çağırışlarına uyğun islahatlar aparıldığını, bəzi fakültələrin yenidən təşkil olunduğunu bildirib. Konfransın işinə uğurlar arzulayan Vilayət Vəliyev tədbirin gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasına təkan verəcəyini bildirib.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, innovativ texnologiyaların telekommunikasiyada tətbiqi cəmiyyətin inkişafına səbəb olacaq. Bu inkişafda elm və təhsilin böyük rolu var. Elm və təhsilin qarşısında dayanan ən mühüm vəzifənin yüksəkixtisaslı kadrların hazırlanması olduğunu deyən Yaqub Piriyev konfransda aparılan müzakirələrin faydalı olacağını qeyd edib.

Azərbaycan və Belarusun dost ölkələr olduğunu bildirən Belarus Dövlət Rabitə Akademiyasının rektoru Andrey Zeneviç bu əlaqələrin əsasının uzun illər əvvəl qoyulduğunu deyib. O, rəhbərlik etdiyi akademiyanın AzTU ilə mütəmadi əməkdaşlıq etdiyini, Texniki Universitetin professor-müəllim heyətinin tez-tez BDRA-da məruzə ilə çıxış etdiyini xatırladıb. Konfransda uğurlu nəticələr əldə olunacağını deyən rektor əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyini bildirib.

Sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru Elton Məmmədov və Özbəkistan “UNİCON.UZ” elmi-texniki və marketinq tədqiqatları mərkəzinin “Radiorabitə, radioverilişləri və televiziya” elmi-tədqiqat şöbəsinin müdiri Zokir Xusanov çıxış ediblər.

Konfransda AzTU ilə Belarus Dövlət Rabitə Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Vilayət Vəliyev və Andrey Zeneviç imzalayıblar.

Daha sonra konfrans işini plenar və bölmə iclasları ilə davam etdirib.

Konfrans dekabrın 6-da başa çatacaq.

Paylaş: