Ça. Dek 10th, 2019

BDU-nun tələbəsinin ölümü ilə bağlı YENİ MÜƏMMA – Baş toksikoloq DANIŞDI

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:

“Ölüm səbəbi isə qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir. Digər məsələ hüquq-mühafizə orqanlarına aiddir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək”.

Bununla bağlı Lent.az -a açıqlama verən Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, toksik mənşəli zəhərlənmə bir neçə qrupa aid ola bilər:

“Belə ki, toksik zəhərlənmə infeksion mənşəli ola bilər ki, bu zaman qaraciyərə, böyrəyə təsir etsin. Həmçinin heyvan zəhərləri, turşular (sirkə turşusu və s.), dəm qazı özü də toksik mənşəli zəhərlənməyə aiddir”.

A.Maqsudov qeyd edib ki, BDU-nun ölən tələbəsi ilə bağlı araşdırma gedir və dəqiq cavab hələ verilməyib:

“Biz toksikoloji zəhər təsdiqləmədik, ancaq hər ehtimalla baxaq görək nə deyəcəklər”.

Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər və xəstəxanada müalicə olunan tələbələr noyabrın 27-də evə buraxılıblar.

Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş: