Şb. Dek 14th, 2019

İlqar Məmmədov: “Seçkilərdə o halda iştirak edə bilərəm ki…”

ReAL sədri: “İlkin siyahımıza 80 nəfərdən 90 nəfərədək namizəd daxildir”

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Parlamentin buraxılması ilə bağlı qərar qəbul edib. Bundan sonra, Parlamentin dekabrın 2-də keçirilən iclasında, Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilib.

Nəticədə dövlət başçısı bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlayıb. Konstitusiya Məhkəməsinin Plenumu bugünkü iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Artıq bəzi müxalifət partiyaları 2020-ci il növbədənkənar parlament seçkilərinə hazırlıq işlərinə başlayıb. Onlardan biri də ReAL partiyasıdır. AYNA əməkdaşı mövzu ətrafında ReAL sədri İlqar Məmmədovla həmsöhbət olub.

– Ölkədəki bütün siyasi qüvvələri səsverməyə getməyə çağırırsınız. Partiyanız Parlament seçkilərinə hansı proqramla gedir? Seçkilərdə şəxsən iştirak edəcəksinizmi?

– Proqramımız və dəyərlərimiz Azərbaycan cəmiyyətinə yaxşı məlumdur – respublikaçı mövqeyindəyik. Ölkəmizdə respublika sisteminin əsaslarını gücləndirərək, hakimiyyət bölgüsünün tərəfdarıyıq. Bütün siyasi partiyaları seçkilərdə fəal iştirak etməyə çağırırıq. İnanırıq ki, vətəndaşları seçkilərə səfərbər etmək Azərbaycanda müxalifət qüvvələrinin uğurunun əsas aspektidir.

Şəxsi iştirakıma gəldikdə, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən bəraət almağıma baxmayaraq, Azərbaycan Ali Məhkəməsi qərara gəlməlidir ki, mən də seçkilərdə iştirak edə bilim. İndiyə qədər Azərbaycan tərəfi bu qərarı təxirə salıb, amma biz Avropa Şurasının Nazirlər Kabineti ilə sıx əlaqə saxlayırıq və Avropa Məhkəməsinin qərarının dərhal icrasını tələb edirik. Yalnız bu vəziyyətdə Parlament seçkilərində iştirak edə bilərəm. Lakin Azərbaycan hökuməti bu prosesi təxirə salır.

– Parlament seçkilərində iştirak edəcək neçə namizədiniz var?

– Hazırda namizədlərin siyahısı üzərində işlər aparılır. İlkin siyahımıza 80 nəfərdən 90 nəfərədək namizəd daxildir, lakin digər partiyaların bizimlə əməkdaşlıq edib-etməməyindən asılı olaraq azala bilər və ya əksinə genişləndirilə bilər. Həmçinin hakim partiyanın gedişi ilə razılaşmayan müstəqil namizədlər də var.

– Digər müxalifət qüvvələrinin seçkilərdə iştirak edəcəyini gözləyirsinizmi?

– Biz digər müxalifət partiyalarını seçkidə iştirak etməyə çağırdıq, amma bizim çağırışımızı eşidib qoşulub-qoşulmayacaqlarına özləri qərar verəcəklər. Hər halda biz iştirak edəcəyik.

– Bu Parlament seçkilərindən gözləntiləriniz nələrdir: Parlamentdə ReAl partiyayasın namizədləri təmsil olunacaqmı?

– Bunu seçkilərdə Azərbaycan xalqı müəyyənləşdirəcək. Cəmiyyətə proqnoz verməyəcəyik. Bizim öz gözləntilərimiz var. Seçki kampaniyasını elə bir şəkildə təşkil edəcəyik ki, ən yaxşı proqnozlarımız gerçəkləşsin və Azərbaycan xalqını Milli Məclisdə layiqincə təmsil edə bilək.

– Azərbaycan müxalifətinin bir hissəsi hesab edir ki, seçkidə iştirak etmələri üçün seçki komissiyaları dəyişdirilməlidir. Sizin fikrinizcə, bu gün mövcud olan mexanizmləri nəzərə alaraq, seçkidə iştirak etməyə dəyər, yoxsa yox?

– 26 ildir seçkilərə prosedur yanaşma heç vaxt özünü doğrultmur. Elə dünyanın bir çox ölkəsində özünü doğrultmayıb. Seçkilərə siyasi münasibət verilməlidir. Yəni ilk növbədə prosedur yox, siyasətlə məşğul olmalısınız. Siyasi səfərbərliyi lazımi səviyyədə həyata keçirə bilsək, prosedurların əhəmiyyəti arxa plana keçəcək və üstəlik bu prosedurlar Azərbaycan xalqının siyasi iradəsinə tabe olacaq.

Paylaş: