Şb. Dek 14th, 2019

O, Bakıya gəlsə, ad çəkəcək: Qorxudan rəngi solan kimdir?

Azərbaycana, xalqımızın dəyərlərinə qarşı əxlaq terroru həyata keçirən dəstənin aktiv üzvlərindən olan Rafael Piriyevin Azərbaycana deportasiya olunması məsələsi ətrafında çox maraqlı və sensasion proseslər gedir.

Piriyevin “müəllimi” Qurban Məmmədov ötən gün Lüksemburqdan Parisə getdiyini və terrorçu Rafaeli xilas etmək istədiyini Yutub səhifəsindən elan etdi.

Maraqlıdır, Qurban Məmmədov niyə belə həyəcanlandı?

Deyir ki, guya Rafael Bakıya deport olunsa, onu burada labüd ölüm gözləyir. Doğrudanmı o elə düşünür ki, Azərbaycanda Rafael Piriyevi asıb-kəsəcəklər?

Əlbəttə, elə düşünmür! O bilir ki, Azərbaycanda Rafael Piriyevə işgəncə verməyəcəklər, döyüb-öldürməyəcəklər, ömürlük həbs cəzasına məhkum etməyəcəklər.

Sadəcə, Rafael Piriyevdən bəzi şeyləri soruşacaqlar… Soruşacaqlar ki, sənə Azərbaycandan kimlər və nələr ötürür? Soruşacaqlar ki, sizə bu pulları və tapşırıqları hansı azərbaycanlı verir?

Piriyev də bülbül kimi ötəcək… və çox güman, elə bir adamın adını çəkəcək ki, sədası Avropadan eşidiləcək.

Açıq danışaq, Azərbaycan hökumətinə Rafael Piriyevi cəzalandırmaq lazım deyil. Əgər lazım olsaydı, davamlı olaraq mənəvi terror hədəfinə çevirdiyi məmurlardan biri onu bircə gündə istənilən üsulla susdura bilərdi.

Hamı, elə hakimiyyət də əsl həqiqəti bilmək istəyir: Bu əxlaq terrorçularının birdən-birə peyda olmasının, artıb çoxalmasının və Azərbaycanın dəyərlərinə qarşı total hücum kampaniyasının müəllifi, ssenaristi, maliyyəçisi kimdir? Onun hədəfi nədir? Bu əxlaqsızlıqla nəyə nail olmaq istəyir və Azərbaycana qarşı əxlaq terrorunda bəlli 3-4 şəxsdən başqa niyə başqa heç kim hədəfə çıxarılmır? Terrorçular niyə 3-4 şəxsin simasında hücum təşkil edir?

Belə deyim, R.Piriyev “İŞİD terrorçusu”dur, Azərbaycana isə “Bağdadi”nin kimliyi lazımdır.

Milli mənəviyyatımıza, əxlaqımıza qarşı terror törədən Rafael Piriyev Bakıya gəlməli və “Bağdadi”nin kim olduğunu bizə deməlidir. Həm də öz Yutub kanalında, açıq etiraf etməlidir: Hər kəs bu dövlətin, xalqın çörəyini yeyib onun minillik dəyərlərinə, övladının tərbiyəsinə, mənəviyyatına hücum çəkən bu terrorçubaşını tanımalıdır.

Pərdələr enməli, maskalar düşməlidir.

Qurban Məmmədov da məhz buna görə hay-küy salıb, əl-ayağa düşüb. Qorxur ki, Bakıdakı “Bağdadi”nin kimliyi müəyyən olunar. Belədə “əxlaq terrorçuları”nın da maliyyəsi kəsilər.

Bakıdakı “Bağdadi” Rafael Piriyevin ölkəyə qayıtmaması üçün “güc”lərini səfərbər edib. “Səlahiyyətli səfiri” Qurban Məmmədovu da xilas üçün göndərib.

Əlbəttə, bu bizim ehtimalımızdır. Yoxsa Qurban Məmmədov, özünün dediyi kimi, onu eşitməyən, sözünə qulaq asmayan, Azərbaycan müxalifətinin də qınadığı, “onlardan olmadığını” dediyi “uşaqların” “xilası üçün” niyə dərhal Parisə uçmalı, qohumu olmadığı üçün onunla görüşə icazə verilməyəcəyini bildiyi halda niyə təmasa can atmalı, yerli vəkil tutmağa “pul axtarmalı” və ümumiyyətlə, hansı səbəbdən bu qədər vaxt, maliyyə sərf etməlidir?

Qurban Məmmədova nə düşüb ki, “əl-ayağa düşüb”?

Burda bir qəribə məqam da var: axı niyə bu əxlaq terrorçusunun səhifəsi şikayət edilməyib? Niyə aidiyyəti şəxslər hərəkətə keçib söyüş, təcavüz və uşaq zorakılığına çağırış edən Rafael Piriyevin və onunkimilər Yutub kanalının blok olunmasına çalışmayıb?

Yəqin, bunun da üstü açılacaq. Əvvəlcə “Bağdadi”ni tanımalıyıq.

Düşünürəm ki, onun kimliyinin üzə çıxmasına az qalıb. Bağdadiyə qalmayan dünya “Bağdadi”yəmi qalacaq?    /axar.az/

 

Paylaş: