Şb. Dek 14th, 2019

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən DANIŞDI: “Ailəsindən, nəslindən bezibsə…” – MÜSAHİBƏ

“Biz pambıq yığmırıq ki, havanın isti keçməsini istəyirik, seçki keçiririk…”

YAP Siyasi Şurası parlamentin buraxılması və növbədənkənar seçkilərə gedilməsi ilə bağlı təşəbbüs qaldırmaqla ölkə gündəmini silkələdi. Hazırda hər kəs Konstitusiya Məhkəməsinin rəyini və Prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamını gözləyir. Mövzu ilə bağlı YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Siyavuş bəy, bir gün öncə spiker növbəti iclasın sonuncu olacağını demişdi. Ancaq bu gün (dünən-E.P.) heç nə deyilmədi. Qeyri-müəyyənliyin səbəbi nədir?

– Ümumilikdə bizim Daxili Nizamnaməyə uyğun olaraq iki dəfədən az olmamaq şərtilə plenar iclasları keçirilir. Noyabrda büdcə, digər qanunvericilik aktları ilə bağlı iclaslar keçirildi. Dekabrda isə artıq üçüncü iclas keçirilib. Adətən, ilin sonunda son iclas olur və parlament fəaliyyətinə fasilə verir. Növbəti iclas ola da bilər, olmaya da. Amma Daxili Nizamnamənin tələbinə uyğun olaraq parlament öz iclaslarını baş çatdırıb. Bircə Milli Məclis adından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı təbrik qəbul etmək qalıb, o da yarım günlük məsəlidir.

Bilirsiniz ki, bütün bunlarla bağlı cənab prezident Konstitusiya Məhkəməsinə müraciət edib. Parlamentin buraxılması və yeni parlament seçilənənədək mövcud tərkibin fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirməlidir.

– Dekabrın 4-də məsələyə baxılacaq…

– Bəli. Ondan sonra da cənab prezident öz sərəncamı ilə həm seçkilərin vaxtını təyin edəcək. Eyni zamanda parlamentin hazırki tərkibinin bundan sonrakı fəaliyyəti hansı formada olacaq, bu, Konstitusiyanın tələbinə uyğun olacaq. Çünki hakimiyyətin qolları arasındakı münasibətlər, verilən qərarlar sırf Konstitusiya ilə tənzimlənməlidir.

– Bir məsələ çox maraqlıdır, hakim partiyanın sədri olaraq dövlət başçısının bu proseslərdə iştirakı nə dərəcədə olub? Şübhə yox ki, YAP Siyasi Şurası son qərarını elan etməzdən əvvəl sədrlə razılaşdırıb, elə deyilmi?

– Ümumiyyətlə, partiya rəhbərliyi, partiyanın idarə olunması ilə bağlı hər bir məsələ təbii ki, bilavasitə prezidentə məruzə olunur, bu məsələlərlə bağlı onun fikri, rəyi qərarı öyrənilir. Sonuncu məsələdə isə təşəbbüs sırf partiya tərəfindən qalxdı. Bəzən deyirlər “yuxarıdan gəlib”, xeyir! Bu YAP Siyasi Şurasının təşəbbüsüdür. Partiya müraciət edib və cənab İlham Əliyev həm partiya sədri, həm də prezident kimi münasibətini bildirəcək.

– Deməli, indiyədək partiya daxilində münasibətini bildirməyib?

4dadc9cf-37d1-4ef1-8a2e-b961b1dc9222.jpg (126 KB)

– Yox. Ona görə də Siyasi Şura qərar qəbul etdikdən sonra YAP-dan olan deputatlara müraciət etdi…Son qərarı isə partiya sədri Konstitusiya Məhkəməsinin rəyi əsasında verəcək.

– Siyavuş bəy, ola bilərmi ki, partiya sədri, cənab prezident səlahiyyətlərindən istifadə edərək parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətə müsbət cavab verməsin?

– Ola bilər. Yəni burda qadağa qoyulacaq məqam yoxdur. Amma ümumilikdə biz hesab etdik ki, partiya sədri də YAP Siyasi Şurasının qərarına və deputatların müraciətinə diqqətlə yanaşacaq.

– Amma dövlət başçısı parlamentin 100 illiyində Milli Məclisin fəaliyyəti ilə bağlı yüksək fikirlər səsləndirmişdi. Bu mənada ola bilərmi prezident desin sizin fəaliyyətiniz məni qane edir, noyabradək işə davam edin?

– Bəzi media orqanları parlamentin işləmədiyini yazır. Bu fikirlərlə razı deyilik. Parlament kifayət qədər qanunlar qəbul edib, digər parlamentlərlə geniş əlaqələri olub, il ərzində çoxsaylı qonaqlar qəbul edib, Azərbaycan həqiqətlərini dünya ölkələrinə çatdırıb, beynəlxalq təşkilatlarda ölkəmizin maraqlarını müdafiə edib. Biz bu fəaliyyətin effektivliyinin daha da artırılması ilə bağlı bu müraciəti etmişik. Yoxsa parlament böhranı və ya onun işləməməsi ilə bağlı deyil.

– Arif Rəhimzadə də etiraz etdi…

– Bu, qanunun tələbidir ki, hansı hallarda parlament buraxıla bilər. 98-ci maddənin 3-cü bəndində göstərilib ki, parlamentin işinin mümkünsüzlüyü halında parlament buraxıla bilər. Gərək elə izah edəsən ki, cəmiyyət başa düşsün. Mümkünsüzlük o vaxt ola bilər ki, məsələn, YAP-çı deputatlar parlamentə və seçicilərə hörmət əlaməti olaraq müraciət edir ki, cənab prezidentə müraciət olunsun, o, konstitusion səlahiyyətlərindən istifadə edib parlamenti buraxsın. Başqa halda mümkünsüz edən səbəb o ola bilər ki, hamı mandatını geri götürə bilər və parlamentin işi mümkünsüz olar.

– Siz buna istinad etmişiniz, eləmi?

– Əlbəttə. Deməli, 68 deputat öz mandatından imtina edir, avtomatik olaraq parlamentin işi dayanır. Bu da olur mümkünsüz. Parlamentin etdiyi müraciətdə bu məsələ nəzərdə tutulub. Orda göstərilməyib ki, parlament indiyə qədər işləməyib, parlament böhranı yaranıb və bunun nəticəsində də parlament buraxılmalıdır.

– Nədənsə mənə elə gəlir ki, parlamentin buraxılması ideyasının müəllifi məhz sizsiniz. Bu qənaətə gəlmək üçün də əsasım var. Siz bir neçə dəfə, həm də əsəbi tonda həmkarlarınıza çağırış etmişdiniz ki, onların bir çoxu xaricdəki “söyüş müxalifəti” ilə mübarizəyə qatılmırlar, sanki eşitməzliyə, görməzliyə vururlar, özlərini qoruyurlar. Bütün bunlardan sonra YAP Siyasi Şurası daha dinamik, çevik parlamentin formalaşdırılmasına zərurət görür. Bu müşahidələr arasında əlaqə varmı?

d935196b-6ef8-42c4-930a-a1d4917ab887.jpg (164 KB)

– Biz gərək müəyyən məsələlərə aydınlıq gətirək. İcra strukturunda çox ciddi dəyişikliklər gedir. Əslində bunun əsası 2018-ci ilin aprel ayında, prezident seçkilərindən sonra qoyulmuşdu, addım-addım yol gəlirdi. Bunu bir müsahibə ilə izah etmək çətindir. Biz seçicilərlə mindən artıq görüş keçirmişik. Bu görüşlər zamanı ayrı-ayrı strukturlarla yanaşı, parlamentin fəaliyyəti ilə əlaqədar da müəyyən təkliflər, rəylər səslənirdi. Seçicinin rəyi öyrənilirdi. Operativ şəkildə ali icra hakimiyyətinə daxil olan strukturların dəyişdirilməsi məsələsi gündəmə gəldi. Gördünüz ki, həm Nazirlər Kabinetində, həm ayrı-ayrı nazirlik və komitələrdə dəyişikliklər həyata keçirildi, rəhbərlər dəyişdi, struktur dəyişiklikləri reallaşdı, mövcud reallıqla ayaqlaşmayan strukturlar ləğv olundu. O cümlədən Administrasiyada yeni strukturlar formalaşıb, köhnələrin fəaliyyətinə xitam verilir, yeni kadrlar gətirilir. Biz sosializmdə yaşamışıq, amma indi müstəqil dövlətik. Mən çoxlu müşavirələrdə iştirak etmişəm. Bir qrup var idi, bir kəlmə deyəndə qayıdırdı ki, 1968-ci ildə biz bunu belə edirdik. 68 daha qurtarıb da, bitdi! İndi müstəqil siyasət yürüdülməsi üçün prezidentin tapşırıqları düzgün icra olunmalıdır. Bu gün biz müqayisələri Avropa, Amerika, Yaponiya, Cənubi Koreya ilə aparmalıyıq. Yoxsa sovetlər birliyində, ya Ukraynada belə idi, bizdə belədir, belə olmaz. Yəni cənab prezident irəlidə gedirdi, digər strukturlar isə ona çata bilmirdi. Ona görə də islahatlar mütləq lazım idi, zəruriydi.   

– Dediniz ki, 2018-ci ildə addım-addım bu proseslərə doğru gedilirdi. Amma siz də aylar öncə dəfələrlə bildirmişdiniz ki, növbədənkənar parlament seçkilərinə ehtiyac yoxdur, bunun üçün referendum tələb olunur…

– Əslində bu məsələlərin hər biri Seçki Məcəlləsində olmalı idi. Deyək ki, Konstitusiyada göstərilir ki, parlament seçkiləri noyabr ayının ilk həftəsinin bazar günü keçirilir. Bu, Konstitusiyada göstərilməli olan maddə deyil, Seçki Məcəlləsinin tələblərinə uyğundur. Bu, hansısa əhəmiyyət daşıyan tarix, ərəfə deyil ki. Yəni orda müəyyən boşluqlar var idi. Biz o məsələni qoyurduq ki, məsələ bura salınıb və ona görə mütləq referendum lazımdır. Yəni Konstitusiya ilə üst-üstə düşsün. Seçki gününün təyin olunmasından söhbət gedirdi. Günü təyin etmək üçün mütləq referendum lazım idi. Amma parlament buraxılandan, yeni seçki elan olunandan sonra buna ehtiyac qalmır.

“Geniş analizdən, partiya sədri ilə müzakirədən sonra kimlərin təkrarən və hansı dairədən seçkiyə gedəcəyi ilə bağlı YAP İdarə Heyətinin qərarını verəcəyik”

– Amma ideyanın ilk  olaraq kimə məxsus olduğunu demədiniz…

– Təbii ki, parlament həm dövlətin, həm xalqın, həm seçicilərin maraqlarını özündə ehtiva etməlidir. Mən sosial şəbəkələrdə oxuyuram ki, yazır biz qəsdən söyəcəyik ki, onlar cavab verməsinlər. Bununla da dövlətin üzərinə gedilməsi prosesini həyata keçirmək istəyirlər. Bizim qaldırdığımız budur: sən demirsənmi ki, mən onun səviyyəsinə düşmək istəmirəm – təbii ki, bunlar bəhanədir… 30 ildir mən bunu müşahidə edirəm, kimsə kiməsə cavab verməkdən yayınmaq istəyəndə deyir onun səviyyəsinə düşmək istəmirəm. Hələ yoxlamaq lazımdır kim hansı səviyyədədir…Bu, başqa məsələnin mövzudur. Öz səviyyəndə cavab ver! Alim kimi, ziyalı kimi cavab ver! Çıxın mövqeyinizi bildirin! Adam söyüş söyür, onu sənin ailə üzvlərin də eşidir, elə onun özünün də ailəsi eşidir. İndi o ailəsindən, nəslindən, tayfasından bezibsə, sən də bezməli deyiləsən ki…Burda ümumi ad çəkir ki, Milli Məclis…Demir ki, Həsən, Hüseyn, Əli, Vəli…Hamıya deyir də. Niyə düşünürsən ki, o, səni nəzərdə tutmur, tutalım ki, Siyavuş Novruzovu nəzərdə tutur?

– Həmin proseslərdə neçə deputat kənarda qalmışdı, yəqin təhlillər aparmışınız.

– Mən həmişə demişəm, YAP seçki texnologiyalarını tətbiq edən bir partiyadır. Biz bir seçki qurtaran kimi, digər seçkilərinə hazırlıqla məşğul oluruq və araşdırma işi gedir. Əzbər bilirik ki, sabah harda bələdiyyə seçkilərilə bağlı görüşlər keçiriləcək, kimlər iştirak edəcək. Artıq qrafik məlumdur.

– Bəs, parlament seçkilərində iştirak edəcək YAP üzvlərinin siyahısı hazırdırmı?

– Elə fikrimi ona gətirirəm. Biz bu məsələ ilə əlaqədar deputatlarla bağlı ən azı son iki ilin statistikasını aparırıq. Bura nə daxildir? Seçicilərlə görüş, seçicinin etimadının doğrultması, davranış qaydaları, beynəlxalq təşkilatlarda iştirakı, Milli Məclisdə, mətbuatda, sosial şəbəkədəki çıxışları və s. Bu statistika iki aylıq, üç aylıq toplanılır, təhlil edilir, qiymətləndirilir, hamısı məndə var. Biz qaldırdığımız məsələ ilə bağlı bir çoxlarının həmin qrafada qabağı boşdur.

334a8146-0219-4ee0-bade-981de24a64be.jpg (172 KB)

– İddialar var ki, tərkibin 50-60 faizi yenilənəcək…

– Onsuz 8 yer boşdur. Düzdür, onların az hissəsi YAP üzvüdür. Təyinat alan, dünyasını dəyişən var. Amma artıq özü deputat olmaq istəməyən də var, fikrini bildirib. Geniş analizdən, partiya sədri ilə müzakirədən sonra kimlərin təkrarən və hansı dairədən seçkiyə gedəcəyi ilə bağlı biz YAP İdarə Heyətinin qərarını verəcəyik.

– Seçki fevralda keçiriləcək, yoxsa bir az gec?

– Konstitusiya Məhkəməsinin verdiyi rəyə əsasən, cənab prezident seçki gününü təyin edəcək. Seçki müddəti də Azərbaycanda iki aydır. Seçki günü də seçkilərin başlamasına iki gün qalmış təyin olunur. Əgər bu məsələ ilə bağlı indi qərar verilsə, fevral ayına təsadüf edəcək. Ola bilər ki, hansısa müzakirələr ortaya çıxar və məsələ uzana bilər. Lakin elan olunan kimi, dərhal kim, hansı dairədən gedəcək, bu barədə siyahı hazırlanacaq. Kifayət qədər sənədləşmə işləri var, irəli sürmə, qərarlar, səlahiyyətli nümayəndə və s. Düzdür, bizim hazırlıq işlərimiz gedib. YAP seçki sistemini çox yaxşı bilir. Amma yerdəyişmə prosesi ola bilər. Yəni başqa partiyadan elə namizəd ola bilər ki, YAP öz namizədinin dairəsini dəyişər.

– Müxalifətin şansını necə qiymətləndirirsiniz?

– Müxalifətin əksər hissəsi bu prosesdə işdə iştirak etmək fikrindədir, bunu bəyan edib. Deyim ki, müxalifətə bu proseslərdə iştirak üçün çox yaxşı bir şans yaranıb. Ümumilikdə 125 dairədir. Azərbaycanda 50-dən artıq partiya var. Hər partiya 2-3 namizədlə iştirak etsə, bütün dairələrdə təmsilçilik norması yerinə yetirilir. Ancaq burda da fərdi qaydada yanaşma var. Hər kəs özünü istəyir. Elə bir partiya var ki, orda 3-4-cü şəxslərin keçmək şansı birinci şəxsdən daha üstündür, cəmiyyət tərəfindən daha yaxşı qəbul olunur, nəinki birinci. Lakin birinci şəxs qatılmadığı üçün digərlərinin də namizədliyinin irəli sürülməsinə imkan verilmir. Tanınmış ictimaiyyət nümayəndələri, yazarlar var ki, seçki prosesində onlar da iştirak edəcəklər. Kiçik bir hissə var, bəyan edirlər ki, guya onlar seçki prosesində iştirak etməsələr, seçki baş tutmayacaq. Belə bir anlayış yoxdur, nə beynəlxalq hüquqda, nə Azərbaycan Konstitusiyasında, nə də Seçki Məcəlləsində. Seçki Məcəlləsində göstərilib ki, alternativ olmalıdır. Yəni bir yerə 2-3 nəfər namizədliyini irəli sürür, müəllimdir, həkimdir, siyasi partiya rəhbəridir, fərqi yoxdur. Alternativlik təmin olunsa, demək bu seçki tam demokratik əsaslarla keçirilən seçkidir. Lakin müxalifətin arasında ciddi rəqabət var, onlar heç vaxt ümumi razılığa gələ bilməyiblər, yenə də gələ bilməyəcəklər. Fərdi qaydada isə o partiyalar iştirak edəcəklər. Milli Şuraya və ora daxil olanlara gəldikdə, onlar ancaq xarici təşkilatlarla bağlı qərarı gözləyəcəklər. Yəni xaricdən sifariş versələr, birinci onlar namizədliyini verəcəklər, göstəriş verilməsə, namizəd olmayacaqlar. Deyirlər seçki prosesi qışa düşüb. İndi biz pambıq yığmırıq ki, havanın isti keçməsini istəyirik, seçki keçiririk…Elə dünya ölkələri var ki, orda kəskin soyuqlar olur. Onda gərək Kanadada ümumiyyətlə, seçki keçirilməsin. İslandiyada da seçkini yaddan çıxaralar. Ya da elə isti ölkələr var, gərək desinlər burda havalar çox isti keçir, seçkiləri ləğv edək. Absurd fikirlər irəli sürürlər.

c267ee2b-d102-4830-b689-c470de8ef6ff.jpg (108 KB)

– Yeri gəlmişkən, bir qayda olaraq müxalifətin tələblərindən biri parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi olub…

– Bəli. Tələb edirdilər. Elə Müsavatın qərargahında 3-4 partiyanın və 1-2 nəfər digər şəxslərin iştirakı ilə keçirilən tədbirdəki tələblərindən biri də bu idi ki, növbədənkənar seçkiləri keçirilsin. Nə oldu?! İndi bəhanə edirlər ki, seçki komissiyaları yenilənməlidir. 50 ildir bu məsələ müzakirə olunur. Bu komissiyalarla onlarla seçki keçirilib və bu məsələ bitib. Odur ki, bunu gündəmə gətirməyib heç bir yeri, tolu yoxdur. Seçkidir də, keçirirlər. Məgər sən seçildin, səslərin ləğv olundu? Hər yerdən müşahidəçi tələb etmək hüququn var. O gün bir nəfər danışırdı, müşahidəçinin hüququnu və səlahiyyətlərinin nədən ibarət olduğunu bilmir. Yəni bunlar bəhanədir. Yerdə qalan partiya sədrləri bəyan edib ki, bu seçki prosesində iştirak edəcəyik. İndi olanlarımız budur, gedib başqa ölkələrdən partiya sədri, ya partiya gətirməyəcəyik ki…Onlar da seçkidə iştirak edəcəklərini bəyan ediblər…   

Paylaş: