Şb. Dek 14th, 2019

Soyuqlar düşdü: Bakıda səyyar sığınacaqlar nə zaman qurulacaq?

Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə bizdə də müvəqqəti sığınacaqlar təşkil olunub.

Sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər.

Amma nədənsə, ötən il qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqların yaradılması halları ilə rastlaşmadıq.

Qeyd edək ki, bu il ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəməsinə baxmayaraq, səyyar sığınacaqlarla bağlı mətbuatda heç bir məlumat verilməyib.

Maraqlıdır, səyyar sığınacaqlar nə vaxt qurulacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil TalıbovCebhe.info-ya açıqlama verərək qeyd edib ki, bu il heç bir səyyar sığınacaq qurulmayacaq:

“Səbəb isə təhlükəli vəziyyətdə yaşayan vətəndaşlar üçün 2016-cı ildə sosial sığınacağın yaradılmasıdır. 2016-cı ilin dekabrında cənab Prezidentin iştirakı ilə Zabratda baxımsız, kimsəsiz və təhlükəli vəziyyətdə yaşayan vətəndaşlarımızın məskunlaşması üçün sosial sığınacaq istifadəyə verildi. Təxminən 100 çarpayıdan ibarət olan yüksək təchizatlı sığınacağa məhz küçədə gecələyən, təhlükəli vəziyyətdən evakuasiya olunan insanlar aparılır və orada onların qidalanması, rehabilitasiyası, cəmiyyətə adaptasiyası üçün işlər həyata keçirilir. Bu müəssisə istifadəyə verildikdən sonra heç bir səyyar sığınacağa ehtiyac qalmır. Yetər ki, həmin vətəndaşlarımızı aşkar edən yerli icra hakimiyyəti orqanları və polis bölmələri onları  Zabratdakı sığınacağa gətirsinlər.

Müvafiq qanunvericiliyə uyğun olaraq onların yerləşdirilməsi təmin edilir, hətta məşğulluqlarının təmin edilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir. Bu baxımdan səyyar sığınacaqların quraşdırılmasına ehtiyac
qalmayıb”.

 

Paylaş: