Şb. Dek 14th, 2019

Vətəndaş cəmiyyətinin təklifləri dəyirmi masada müzakirə olunub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Açıq Hökumət Platforması və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən “2020-2022-ci illər üçün yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” layihəsində nəzərdə tutulan tədbirlərin, irəli sürülmüş təkliflərin ilkin müzakirəsi məqsədilə Dəyirmi Masa keçirilib. Azadinform xəbər verir ki, tədbirdə media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Prioritet” SİAM İB-nin sədri Zaur İbrahimli tədbirin həyata keçirilməsində dəstəyi olan hər kəsə təşəkkür edib: “Hazırda ölkəmizdə baş verən proseslər, aparılan islahatlar onu deməyə əsas verir ki, “Yeni Açıq Hökumət Milli Fəaliyyət Planı”nın qəbul olunmasına nail olacağıq. Azərbaycan hökuməti, Vətəndaş Cəmiyyəti və digər maraqlı tərəfdaşlarla əməkdaşlıqda bu milli fəaliyyət planı çox uğurla icra ediləcək. 2011-ci ildə bu təşəbbüs 8 ölkə tərəfindən qəbul olunub. Hazırda isə buna 79 ölkə qoşulub və bunlardan 100 ölkədə 2 illik fəaliyyət planı qəbul olunub. Beynəlxalq Açıq Hökumət tərəfdaşlıq təşəbbüsünün qaydalarına görə, hökumətlər özləri bu təşəbbüs çərçivəsində öz prioritetlərini seçir və buna uyğun olaraq milli fəaliyyət planı hazırlayırlar. Adətən, bu plan 2 illik dövrü əhatə edir. 2019-cu ildə 49 ölkədə bu cür Açıq Hökumət planları hazırlanıb. Həmin ölkələrin siyahısına Azərbaycan da daxildir. Hazırda biz bu plan üzərində işləyirik və ilin sonunadək tam başa çatacaq”.

Daha sonra Sədr təklifləri səsləndirib: ““ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı əlavə səylərə ehtiyac var. Bu sahədə daha çox tərəqqi əldə olunması üçün qanunvericilik islahatları və əlavə hökumət təşəbbüsləri məqsədəuyğun olardı. Həmçinin, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi ilə bağlı mexanizm yaradılması üçün müvafiq səy göstərilməlidir. “Maraqlar toqquşması haqqında” qanunun, “Rəqabət Məcəlləsi”nin qəbulunun sürətləndirilməsi üçün hökumətin müvafiq strukturlarının Milli Məclislə müzakirələr aparmasına ehtiyac var. Dövlər orqanları və dövlət şirkətləri səhmlərində payı olan şirkətlərin maliyyə şəffaflığının təmin edilməsi üçün işlək mexanizmlərin tətbiq edilməsi tövsiyə edilir. “İnformasiya əldə edilməsi haqqında” qanunun tətbiqi, ictimai iştirakçılıq mexanizmlərinin daha geniş tətbiqi ilə əlaqədar mütəmadi dəyərləndirmələr aparılmalı və müvafiq addımlar atılmalıdır”. (azadinform)

Paylaş: