Şb. Dek 14th, 2019

Vəzifəyə gələn meri tərəzidə niyə çəkirdilər?

1678-ci ildən etibarən Böyük Britaniyanın Hay Uikomb (High Wycombe) şəhərində şəhər merini seçərkən maraqlı bir ənənənin əsasını qoydular. Mer işə başlamazdan öncə onu şəhər meydanında tərəzidə hər kəsin gözü önündə çəkidrilər. Bir il çalışdıqdan sonra meri şəhər meydanında yenə tərəzidə çəkirdilər. Əgər mer kökəlmiş olurdusa onun büdcə pullarını yediyi və piyləndiyi deyilirdi. Kökələn merə lax yumurta atılırdı.Qeyri-adi adət hələ də qalmaqdadır. Lakin indi daha şəhər merinə yumurta atılması ənənəsi aradan qaldırılıb.

Bu gün islahatlar keçirilir və tutduğu vəzifədə yarıtmaz fəaliyyət göstərən bir çoxları kənarlaşdırılır. Amma düşünün ki, Hay Uikomb şəhərinin vəzifəli şəxsi tərəzidə çəkmək təcrübəsi Azərbaycanda yayılsa bizdə nə olardı? Yəqin ki, metobolizması gərəyi ilə arıq qalan insanlardan başqa kimsə işə yaramazdı. Düzdür, indi fit görünüş xatirinə məmurlar idmanla məşğul olurlar. Həm də elə sırf fit görünüş xatirinə bahalı arıqlama prosedurlarına yalnız onların imkanları çatdıqlarına görə elə zəif görünən onlardır, şişman görünən sadə xalq. Söz yerinə düşər, bu gün avtobusda gələndə sıxlıq yenə can alırdı. Çox kilolu olan bir qadının yanından keçə bilməyən gənc oğlan deyindi. “Ay xanım çəkilin də keçə bilmirəm.”

Xanım da hündürdən cavab verdi. “Dardır da bura, keçəmmirəm. Hökumət elə bilir kasıb cammaat arıq olur, varlıların xanımları kimi, day bilmirlər, yemək tapmırıq , pulumuz bir çörəyə çatır. Basıb çörək yeyirik, şişirik”.

Ətrafdakılar gülüşür. Amma yaman acı bir həqiqətə gülürlər şirin şirin.

Məmur Tərəzisi

/Bizimyol.info/

Paylaş: