Ça. Yan 21st, 2020

Azərbaycan Dillər Universitetinə “yeni rektor” seçildi

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün müraciət edən tələbələrin seçim prosesi başa çatıb. Oktyabrın 26-dan noyabrın 26-dək “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. 3-4 dekabr 2-ci mərhələ seçkiləri 37 vəzifə üzrə 97 namizəd iştirak edib.

 Turkustan.info bildirir ki, universitetdən Modern.az-a bildirlib ki, rektor vəzifəsi üçün seçilmiş 8 nəfərin namizəddən Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. 2 gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu  kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanırlar.

Paylaş: