Bz. Yan 26th, 2020

Zəhərlənən tələbələrlə bağlı yeni müəmma: Bu rəsmi açıqlamadan nə anlayaq?!

Cərrah-qastroenteroloq: “Tibbdə “toksik zəhərlənmə” deyilən termin yoxdur”

“BDU tələbələri hazırda normal həyatlarına qayıdıblar”. Bu, hazırda ən çox eşitdiyimiz açıqlamadır. Günlərdir, tələbə qızların sağlıqlarına qovuşmasına sevinirik, amma hələ də nədən xəstəxanaya düşdüklərinin (birinin də dünyasını dəyişməsinin) səbəbini tapa bilmirik. Axı bu qızlar nə yeyib, nə içib ki, zəhərləniblər?

Cinayət işi açılıb, istintaq gedir, lakin qeyri-müəyyənliklər davam edir. Hələ də normal həyata qayıdan qızların ifadələri gözə dəymir. Bu qızlar sağlamdırsa, o zaman zəhərlənməzdən əvvəli niyə xatırlamırlar? Başqa sözlə, həqiqət elə onların cavablarındadır, cavabsa yoxdur.

Dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli məsələ barədə qısa və yenidən suallar yaradan açıqlama verdi: “Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”.

Bu açıqlama ağla ilk olaraq bu sualı gətirir: Bəs, toksik zəhərlənmə nədir?

Cərrah-qastroenteroloq Ramil Qasımov AYNA-ya açıqlamasında deyib ki, tibbdə “toksik zəhərlənmə” deyilən termin yoxdur: “Qida toksikoinfeksiyası, toksikoz və toksinlərlə zəhərlənmə var. Hər birinin səbəbi bakteriya, dərman vasitələri və ya hormonlar ola bilər. Hormonal toksikoz qalxanvari vəz patologiyaları, hamiləlikdə və s. hallarda mümkündür”.

“Qeyd edilən halda dərman preparatları, narkotik vasitələr və ən əsası qida toksikoinfeksiyası ilə zəhərlənmə düşünülə bilər. Məsələn, hər hansı bir gənc heç müayinə olunmamış, onda qlukoza 6 fosfatdihidrogenaza fermentinin çatışmazlığı olduğunu bilmir, valideynlər də xəbərsizdirlər. Bu, hematoloji xəstəlikdir. Və günlərin birində sadəcə bir tablet “Parasetamol”dan hemoliz baş verir, adam gün ərzində dünyasını dəyişir. Tələbə qızların zəhərlənməsində ən çox qida toksikoinfeksiyası və ya hər hansı bir dərman preparatının qəbulu şübhəsi ola bilər”, – deyə həkim bildirib.

Cərrah onu da vurğulayıb ki, zəhərlənmə faktı ilə bağlı həqiqət, sağ qalan digər iki tələbənin dedikləri ilə ortaya çıxa bilər: “Danışdırsınlar görək, hadisədən qabaq nə qəbul ediblər”.

Həkim-cərrahla söhbətdən sonra belə qənaətə gəlmək olur ki, AQTA sədri zəhərlənmə faktını qiymətləndirərkən “toksik zəhərlənmə” ifadəsini yalnış olaraq işlədib. İfadənin belə yalnış səslənməsi qurumun zəhərlənmə hadisəsinə necə “ciddi” yanaşdığına da işarədir.

Xatırladaq ki, hadisə noyabrın 21-də baş verib. Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 20 yaşlı Xasmətova Şəkər Faiq qızı həyatını itirib. Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan digər tələbələr – 21 yaşlı Dilrubə Qismət qızı Quliyeva və Həmidə Bünyamiddin qızı İbadova noyabrın 27-də evə buraxılıb.

Müəllif: Raminə Eyvazqızı   

Paylaş: