25 Noyabr 2020 23:25

Fazil Mustafanın Milli Məclislə bağlı təklifi mübahisə yaratdı: “Bu mənə İsmət İnönü dövrünü xatırlatdı…” – Tarixçi alim

Böyük Quruluş Partiyasının sədri, sabiq millət vəkili Fazil Mustafa Milli Məclisin adının dəyişdirilməsini təklif edib. 

Partiya sədri hesab edir ki, parlament Milli Məclis yox,  “Millət Məclisi” adlanmalıdır.

Turkustan.info bildirir ki, tarixçi alim Kərəm Məmmədov Cebhe.info-ya açıqlamasında deyib ki,  parlamentin adını “Gənəş” qoymaq olar:

“Qədim türk sözü olan və XVlll əsrdə də istifadə olunan “Gənəş” sözünü işlətmək olar. Milli Məclisin adındakı “Milli” sözü “Millət” sözü ilə əvəzlənərsə heç nə dəyişmir. Sonda yenə nə “millət”, nə də “məclis” türk sözü deyil. Milli Məclisin adının “Millət Məclisi” ilə əvəzlənməsi təklifi mənə Türkiyədə İsmət İnönünün zamanında olunan bir təklifi xatırlatdı. Türk Dil Qurumunun iclasında bir nəfər təklif edir ki, ərəb və fars kəlmələrini dilimizdən ixrac etməliyik. Hamı alqışlayandan sonra bir yaşlı alim qalxıb deyib ki, sayın cümhurbaşkanım, “ixrac” sözünün özü elə ərəb dilindədir. Yəni bu təklif əgər “Ulus Toplantısı” olsaydı razılaşmaq olardı ki, bu bizim sözdür”.

Tarixçi alim Azərbaycan hökmdarı, Avşar dövlətinin qurucusu Nadir şahın dövründə milli yığıncağın  “Gənəş” adlandığını deyib:

“Bundan başqa Nadir şahın 1736-cı ildə Suqovuşanda keçirdiyi toplantı “Gənəş” adlanırdı. “Gənəş” elə məclis sözünün milli variantıdır. Soy-kökümüzün yaranmasında iştirak etmiş peçeneqlərin məclisi “Gənəş” adlanır. Gənəşmək-məsləhətləşmək deməkdir. Hətta türk xalqlarından birində məclisin adı “Kəngəş” gedir. Hətta bu adı dəyişərək “qurultay” da qoymaq olar. Amma “qurultay” sözü sovet dövründəki “syezd” sözü ilə qarışdırılır. Türkün inzibati təşkilolunma baxımından birlik ardıcıllığı belə olub: nəsil (soy), oba, el, ulus”.

Cebhe.info-ya açıqlamasında  AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu  dilimizdə oturuşan bu sözlərin dəyişilməsini düzgün hesab etməyib:

“Mən Milli Məclis adının dəyişdirilməsinin əleyhinəyəm”. 

Paylaş: