C. Yan 24th, 2020

NATO, yoxsa Avropa İttifaqı?

Deyilənlərə görə, Fransa Prezidenti Avropa İttifaqını daha da möhkəmlətmək, NATO-da ABŞ, Böyük Britaniya və Türkiyədən asılılığı azaltmaq, Rusiya ilə əlaqələri düzəltmək istəyir. Hadisələrin bu cür gedişatı 2020-ci ildə güclü xarici qüvvənin müdaxiləsi ilə Fransada yeni protestlərin baş qaldırması və Makronun ciddi problemlərlə üzləşməsi ilə nəticələnə bilər. Çünki, bu siyasəti həyata keçirmək üçün məncə Fransanın kifayət qədər gücü yoxdur. Amma bu vəziyyətdən digər böyük Avrasiya güclərinin də öz maraqlarına uyğun istifadə edəcəyi birmənalıdır. Burada, Çin və Rusiyanı xüsusi olaraq qeyd etmək lazımdır. Bu ölkələr Amerikanın Avropada zəifləməsində çox maraqlıdırlar. Amerika zəiflədikdən sonra qalanı necə deyərlər “texniki məsələ”di. Yəni, Çin və Rusiya üçün Amerikasız Avropa bəlkə də çin olmayacaq yuxu kimidir. Avropa İttifaqında təkbaşına liderlik etmək Fransanın „pətənəyinə“ görə deyil və “cərcənək” olmaq riski böyükdür. Makronun Qərbin hegemonluğu sona çatmaq üzrədir bəyanatı isə xüsusi diqqət tələb edir. Bu arada beynəlxalq təşkilatların artıq öz funksiyalarını bitirdiyini və lazımsız çərçivəyə çevrildiyini bir daha təsdiq edir. NATO, AŞ, ATƏT buraxılmalıdır. Yeni çərçivələr düşünülməlidir. Burada ən böyük problem orada çalışan minlərlə insanın iş yerlərini itirməsidir. Beynəlxalq təşkilatlar tükənmiş və tarixi rolunu bitirmişdir. Beynəlxalq güc Qərbdən Şərq (Avrasiya) məkanına keçir. Qərbin və Avropa İttifaqının zəifliyi tendensiyası dərinləşdikcə mərkəzdənqaçma meylləri artacaq və sürətlənəcək. Böyük Britaniya və Türkiyə kimi ölkələr də öz təhlükəsizliyini və iqtisadi inkişafını beynəlxalq təşkilatlarda deyil, Rusiya və Çin kimi müstəqil və fərdi siyasi strategiyalarını həyata keçirməkdə görürlər.
Beləliklə Fransa nə istəyir?
1. NATO-da ABŞ, Böyük Britaniya və Türkiyə daha güclü olduğundan NATO-nu zəiflətməklə bu ölkələrin Avropanın təhlükəsizliyindəki rolunu azaltmaq. NATO-ya üzv olan Avropa ölkələrinin bu təsirin altından çıxarılması. Fransa 1966-cı ildə Şarl De Qollun prezidentliyi dövründə NATO-dan birtərəfli qaydada çıxmışdı. Yalnız 2009-cu ildə N.Sarkozinin prezidentliyində Fransa NATO-nun bütün strukturlarında üzvlüyünü bərpa etdi. Fransanın Türkiyə ilə bağlı mövqeyi çoxdan aydındır. Amma Makron ABŞ-ı nəzərdə tutaraq, birqütblülüyə və bir ölkənin hegemonluğuna son qoyulmalıdır, Avropanın təhlükəsizliyində yalnız ABŞ-a arxalana bilmərik, Rusiya və Çinlə eyni sırada ABŞ-ı da öz təhlükəsizliklərinə təhdid görməsi, “biz ABŞ-la müttəfiq olmaq istəyirik, vassal yox” kimi bəyanatlar və s. (bu arada ABŞ-ın NATO ilə bağlı mövqeyi, İqlim haqqında Paris sazişindən çıxması, Aİ ilə ticarət müharibəsi də az rol oynamamışdır). Digər tərəfdən, NATO-nun İŞİD-ə qarşı mübarizədə nə qədər çarəsiz və gücsüz olduğunu da bütün dünya gördü.
2. Angela Merkelin siyasi fəaliyyətini sona çatdırdığı və Boris Consonun Breqzitlə başı qarışdığı ərəfədə Avropada və Avropa İttifaqında liderliyi ələ almaq. Çünki Aİ böyük siyasi və iqtisadi gücə malik nəhəngdir. Fransaya belə bir güc hava və su kimi lazımdır. Fransa xalqında Avropanı alovlandıra və katalizator ola biləcək güc və enerji var. 2013-cü ilin may ayında Notr Dam kilsəsində altarın önündə özünü güllələyən 78 yaşlı milliyyətçi yazıçı, jurnalist və filosof Dominik Vennerin köhnə silahla özünü simvolik olaraq 1500 ziyarətçinin önündə qurban verməsi və saxladığı məktub çox anlamlıdır: “Yatmış vicdanları ayıltmaq üçün özümə qəsd edirəm, qurban verirəm”. Bununla yazıçı qeyri-qanuni miqrasiya, ənənəvi ailə dəyərlərinin məhv olmasına etirazını bildirmişdir. Fransada milliyyətçilik ruhu miqrasiya artdıqca arxa plana keçir, amma hələ də güc olaraq qalır.
3. Avropa İttifaqının genişlənməsini durdurmaq və ya ən azından müvəqqəti dondurmaq. Bununla Avropa İttifaqı yeni üzvlərlə yükünü daha da artırmaq istəmir. Ona görə də yeni üzvlərin qəbulunu ləngitmək üçün yeni metodologiyanın yaradılmasını təklif edir. Bu arada isə Avropa İttifaqının daxilində islahatlar keçirməklə təşkilatı daha da gücləndirmək və möhkəmlətmək istəyir. Monteneqro Prezidenti Milo Cukanoviç “Aİ-yə inteqrasiya regional sabitlik, iqtisadi tərəqqi və demokratik inkişaf üçün alternativsiz seçimdir” deməklə Aİ-nin Qərbi Balkanlar üçün əhəmiyyətini bir daha vurğulamışdır. Amma belə görünür ki, Qərbi Balkan ölkələrinin mövqeyi və narahatçılıqları Fransanı düşündürmür. Fransa başqa maraqlar və strategiyalar peşindədər.
4. Fransa “Avropa ordusu”nun yaradılması və Avropa İttifaqı haqqında Müqaviləyə düzəlişlər edilməsi təşəbbüsünü də irəli sürüb. Belə ki, bu müqavilənin 42-ci maddəsinin 7-ci bəndində qeyd olunur ki, üzvlərdən biri silahlı hücuma məruz qalarsa, Aİ həmin üzv ölkəyə yardım və dəstək göstərməlidir. Hər halda burada hərbi dəstək göstərilməsini konkretləşdirə bilərlər. Həmçinin, NATO üzvlərindən biri veto qoyarsa alyans kollektiv müdafiə maddəsindən istifadə edə bilməyəcəyinə görə, Aİ çərçivəsində Avropa ölkələrinin kollektiv müdafiəsini təmin etmək istəyir. Belə görünür ki, Almaniya da bu məsələyə müsbət yanaşır.
5. ABŞ və Türkiyənin Avropada təsir imkanlarını maksimum azaltmaqla yanaşı, Fransa hökuməti son zamanlar Rusiya, Çin və İranla münasibətlərini yaxşılaşdırmağa çalışır. İranın xarici işlər nazirinin Fransadakı G7 sammitinə dəvət olunması, İranla ABŞ arasında vasitəçilik səyləri, Çinlə may ayında bir neçə milyardlıq yeni sazişlərin imzalanması, Rusiya ilə bağlı bəyanatlar (G7-yə üzv olması, Avropanın Lissabondan Vladivostoka qədər uzandığı və Rusiya ilə Fransanın Avropanın təhlükəsizliyində mühüm rol oynaması). Belə görünür ki, Makron Şarl de Qoll siyasətinə qayıtmaq istəyir. Rusiya və Fransanın Avropanın təhlükəsizliyində əvəzsiz rol oynamalı olduğuna inanır.
6. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını anqlo – sakson (Böyük Britaniya – ABŞ) qanadının Avropa Birliyinə zərbəsi kimi qiymətləndirənlər, cavab olaraq franko-german (Fransa – Almaniya) qanadının da NATO-nun zəiflədilməsinə çalışacağını iddia edirlər. Burada, münasibətlər gərginləşərsə Fransa müttəfiqlərini yenidən NATO-dan çıxması ilə təhdid edə bilər. Fransanın yeni müstəmləkəçilik ambisiyalarında (xüsusilə də Yaxın Şərqdə) NATO-dakı üzvlüyü əvəzsizdir. Bununla belə, əgər Fransa və Almaniya Avropa İttifaqı daxilində müdafiə və təhlükəsizlik qarantiyalarını daha üst səviyyəyə qaldırmağa, “Avropa ordusu”nu yaratmağa müyəssər olarlarsa, hadisələrin başqa istiqamətdə cərayan edəcəyini istisna etməmək lazımdır. Məncə, Almaniya bu məsələdə hələ ki, gözləmə mövqeyi tutsa da, zamanı gələndə Fransanın mövqeyinə daha açıq və qəti dəstəyini nümayiş etdirəcək. Almaniyanın NATO-dakı yeri də Almaniya dövlətini və xalqını qane edə bilməz. Sadəcə vəziyyət belə tələb etdiyi üçün hələ ki, durumla razılaşmaq məcburiyyətindədirlər.
Bunlar çox iddialı təşəbbüs və istəklərdir. Sözsüz ki, bu ideyaların həyata keçirilməsində Fransa bir sıra ölkələrin və bəlkə də əksər Aİ üzvlərinin dəstəyini ala bilər. Amma digər tərəfdən ABŞ, Böyük Britaniya, Türkiyə və Aİ-də ABŞ-a xüsusi yaxınlığı ilə seçilən ölkələrin kəskin etirazı və müqaviməti ilə qarşılanacağı da kəsindir.
Fransada iqtisadi inkişaf prezident Makronun mövqelərini möhkəmləndirir. Amma digər tərəfdən Fransa cəmiyyəti protestlərə çox həssas olduğundan xarici müdaxilə ilə ölkədə yeni qarşıdurmaların yaranma ehtimalını da istisna etməmək lazımdır.
Qərbi Avropa ölkələrini bir çətir altında yalnız iki amil birləşdirə bilər: təhlükəsizlik və iqtisadi maraqlar! Bu birmənalıdır. İnsan hüquqları, bərabərlik, ekologiya, vətəndaş cəmiyyəti, korrupsiya və s. movzular və süni dəyərlər təfərrüatdır. Ya onlar vahid təhlükəyə qarşı birləşməyə məcbur olub birlikdə hərəkət etmədirlər, ya da ki daha çox iqtisadi mənfəət və inkişaf. İqtisadi ambisiyalarını bu yolla reallaşdıra bilmədikləri təqdirdə isə, milliyyətçilik və yeni müstəmləkəçiliklə varlanmaq hərisliyi onları aqresivliyə sövq edə bilər.
Bütün bunlarla yanaşı, yaxın gələcəkdə Çin (iqtisadi və maliyyə gücü sayəsində) və Rusiyanın (hərbi gücü və prinsipiallığı) mövqelərinin beynəlxalq arenada daha da güclənəcəyini, həmçinin Türkiyə və İranın regional güclər olaraq mövqelərinin möhkəmlənəcəyini proqnozlaşdırmaq mümkündür. Bu ölkələrin Azərbaycanla qonşuluğunu nəzərə alaraq, bu amillərin diqqət mərkəzində saxlanılmasında fayda var.
Həmçinin, hazırkı qeyri – müəyyənlik dövründə Azərbaycanın da Qərbi Balkan regionunda daha da möhkəmlənməsi geostrateji baxımdan məqsədyönlü və vacibdir.
Seyran Mirzəzadə, Azərbaycan – Monteneqro
Mədəni və İqtisadi Mərkəzinin direktoru

Paylaş: