Ç. Yan 22nd, 2020

Avaranın biridir, amma hamını özünə oxşatmaq istəyir…

Altı-yeddi il əvvəl ANS-də “Açıq söhbət” verilişində müğənni Vasif Məhərrəmliylə birlikdə şou əhlinin musiqi zövqünü müzakirə etmişdik. Səhnədə at kimi kişnəyən istedadsız müğənnilərin yeniyetmə və gənclərimizin musiqi zövqünü korladıqlarını deyəndə, opponentimin reaksiyası belə olmuşdu: “Əgər pis oxuyuramsa, mənə qulaq asmayın”.
Mən Vasif Məhərrəmlinin pis oxuduğunu iddia etmirəm. Fəxri adı, orden-medalı olmasa da, “Xalq artisti”, “Əməkdar artist” titulunu daşıyan müğənnilərin çoxundan yaxşı oxuyur. Açıq müzakirədən qaçmadığı üçün hətta o vaxt Vasif müəllimə təşəkkür də etmişdim. Amma altı-yeddi il əvvəl dediyim fikrin üstündə indi də qalıram: səsi olmayan adam hamamda, tualetdə oxusun. Bu adamları efirə buraxmaq olmaz. Çünki onlar yeniyetmə və gənclərimizə pis nümunə olurlar. Gənclərimiz fikirləşirlər ki, şərti adı Əhməd, Məmməd olan müğənni oxuyursa, biz niyə oxumayaq? Axı həmin Əhmədin də səsi yoxdur. Dəfələrlə efirdə səsləndirdiyim bir fikri yenə təkrarlamaq istəyirəm: şou əhlinin yarıtmaz fəaliyyəti üzündən Azərbaycanda oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir…
Bir neçə gün əvvəl ARB-də Rövşanə Ağasəfqızının müəllifi olduğu “Səhər səhər” verilişində qonaq idim. Mənimlə birlikdə əməkdar artist Rəhilə Bəndəliyeva və meyxana ustası Mehman Əhmədli də studiyada əyləşmişdilər. Rövşanə xanımın musiqili qonağı Cabir adlı gənc müğənni idi. Cabir səhnədə atılıb-düşəndən, beş-altı dəfə dövrə vurandan sonra gəlib yanımda əyləşdi. Mən heç kimin şəxsiyyətinə toxunmaq istəmirəm, amma həqiqət olduğu üçün bunu yazmağı özümə borc bilirəm: bizim kənddə dana qovalayan “şortikli” uşaqlar Cabirdən yaxşı oxuyurdular. Qarabağlı damarım tutduğu üçün Cabiri sərt tənqid etdim, bu cür ifanın heç kimə lazım olmadığını dedim. Reaksiyası belə oldu: “Yaxşı ki, sizin kimi adamlar çox deyil”.
Cabir haqlıdır. Mənim kimi adamlar çox olsaydı, onun kimi adamlar meydan sulaya bilməzdilər…
“Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipi bizi uçuruma yuvarlayır. Əslində, necə olmalıydı? Yuxarıda yazdım axı, qonaqların arasında əməkdar artist Rəhilə Bəndəliyeva da vardı. Cabirə mən deyil, Rəhilə xanım cavab verməliydi. Amma susdu. Səbəbi təxminən məlumdur. Rəhilə xanım fikirləşir ki, səsi olmayan müğənnini Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova kimi böyük sənətkarlar yerində oturtmalıdır. Amma onlar da səslərini çıxarmırlar. Niyəsini mən bilirəm: heç kim özünü pis eləmək istəmir. Aşağı-yuxarı hamımız beləyik. Ömründə bir xəstəni sağaltmayan həkimin savadsız olduğunu deməyə utanırıq. Onun-bunun kitabını köçürüb, dissertasiya yazan “alimin” bisavad olduğunu deməyə üzümüz gəlmir. Avazı olmayan, Quranı şeir kimi oxuyan, məclislərdə cəfəng söhbətlər edən mollanın cahil olduğunu deməyə ar edirik. Xalqın sərvətini dədəsinin malı kimi talayan məmura etiraz etməyə cürətimiz çatmır. O cümlədən, səhnədə atılıb-düşən, səsi  olmadığı halda baş-beynimizi aparan yelbeyin müğənniyə layiq olduğu yeri göstərib, özümüzü pis etmək istəmirik. Bu xasiyyətimizi bilən avaranın biri də meydana çıxıb, bizi özünə oxşatmaq istəyir…
Yaxşı yaşamağın yolu pislərlə mübarizədən keçir… (moderator.az)

Paylaş: