Ca. Yan 23rd, 2020

Partiyalarda seçki həyəcanı: Kim neçə namizədlə qatılacaq? – SORĞU

Milli Məclis buraxıldı. 

Prezident İlham Əliyevin sərəncamı ilə növbədənkənar seçkilərinin vaxtı da dəqiqləşdi. Sərəncama əsasən növbədənkənar parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçiriləcək. Növbədənkənar parlament seçkiləri siyasi partiyaların fəaliyyətində ciddi aktivliyə səbəb oldu. Gözlənilən odur ki, parlament seçkilərində bir çox siyasi qüvvələr iştirak edəcək. Bəzi müxalifət partiyaları artıq seçkidə iştirakla bağlı qərar verib.

Maraqlıdır, seçkidə iştiraka qərar verən partiyalar neçə namizədlə iştirak edəcək?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xitmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında namizədlərin sayı ilə bağlı yaxın günlərdə məlumat verəcəklərini deyib:

“Seçkilərlə bağlı qərar hələ yenicə verilib. Hazırda seçkilərə ciddi şəkildə hazırlıq gedir. Yerlərdə təşkilatlanma işləri sürətlənib. Namizədlərin müəyyənləşməsi istiqamətində də işlər gedir, siyahı tutulur. Hər halda, yaxın günlərdə bununla bağlı dəqiq məlumat verəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov də hələlik namizədlərinin sayı ilə bağlı dəqiq qərarın olmadığını bildirib:

“Növbədənkənar parlament seçkilərində neçə namizədlə iştirak edəcəyimiz hələ açıq qalır. Çünki namizədlərin kimlərin olacağı və hansı dairədən irəli sürüləcəyi tam dəqiqləşdirilməyib. Hələlik müzakirələr gedir. Hər halda, budəfəki taktikamız bir qədər fərqli olacaq. Saya deyil, kəmiyyətə üstünlük veriləcək ki, qalib gəlmək şansı çox olan namizədlər irəli sürülsün. Partiya da gücünü həmin namizədlərin seçilməsinə yönəltsin. Bu baxımdan yaxın vaxtlarda partiyanın Siyasi Şurasının iclası namizədlər məsələsini dəqiqləşdirəcək”.

ReAl Partiyasının sədr müavini Natiq Cəfərli isə artıq namizədlərin sayının təqribi bəlli olduğunu deyib:

“Növbədənkənar parlament seçkilərində 80-90 namizədlə iştirak etməyi planlaşdırırıq”.

Ağ Partiya başqanı Tural Abbaslı da hələlik namizədlərinin sayının bəlli olmadığını deyib:

“Ağ Partiyanın  qərarverici orqanı olan İdarə Heyətinin toplantısı sabah olacaq. Bu toplantıda son proseslər müzakirə olunacaq. Yəni növbədəkənar seçkiylə bağlı da bütün məsələlər orada müzakirə olunacaq və  qərarlar veriləcək. Odur ki, indidən konkret bu mövzuyla bağlı nəsə deyə bilmərəm. Hələlik iştirakla bağlı qərar verilsin, sonra namizədlərin sayı və dairələri barədə danışmaq olar”.

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə artıq namizədlərinin siyahısının hazır olduğunu deyib:

“Təxminən 70-80 namizədlə seçkilərə qatılmağı planlaşdırırıq. Son qərar isə partiyanın Ali Məclisin iclasında veriləcək”.

Vətəndaş və İnkişaf Partiyası (VİP) icra aparatının rəhbəri Ramil Hüseynov isə deyib ki,  əksər dairələrdən namizəd irəli sürməyə çalışacaqlar:

“Ümumiyyətlə, seçki ilə bağlı qərar partiyanın rəsmi qurumlarında muzakirə olunmayıb. Əgər iştrak  qərarı verilsə, çalışacağıq ki, əksər dairələri əhatə edək. Partyanın üzvü olmayan şəxslər var ki, bizə müraciət edib onları dəstəkləməyimizi istəyiblər. Seçkilərə isə Vətəndaş və İnkişaf Partiyasının namizədi kimi qatılmaq arzusundadırlar”.    /Cebhe.info/

Paylaş: