Ca. Yan 23rd, 2020

Oğlu Oqtay Gülalıyevin son vəziyyətini açıqladı: “Geriləmə var…”

İstanbulun “Amerikan Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində geriləmə var. Hələ də koma vəziyyətində olan hüquq müdafiəçisinə vurulan antibiotiklər dayandırılıb.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev deyib. O bildirib ki, atasının qara ciyərində geriləmə olduğu kimi, verilən dərmanlara görə böyrəklərində də problem yaranıb, keratinin səviyyəsi artıb. Bu səbəblərdən qanında və ağ ciyərində olan infeksiyalara qarşı edilən antibiotikləri saxlayıblar. Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülüb. Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev bir aydan artıqdır ki, koma vəziyyətindədir.

Paylaş: