Ça. Yan 21st, 2020

Mirşahin Seyfulla və Vahid Mustafayev qardaşlarına rəqib oldu – MTRŞ TƏSDİQLƏDİ

“Ümumrespublika radio kanalının açılması üçün 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb. Hələlik hansı şirkətin radio üçün lisenziya alacağı dəqiq deyil”.

Bunu  MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev söyləyib. O qeyd edib ki, 102,0 FM radio tezliyinin satılması haqqında mətbuatda yayılanlar həqiqəti əks etdirmir:

“Elan olunmuş müsabiqə dekabr ayının 12-də bitəcək. Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası  ona veriləcək”.

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb:

“Seyfulla Mustafayevin və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin “Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadır. Amma  qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.

Qeyd edək ki, noyabrın 12-də Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub. (modern.az)

Paylaş: